“Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılmasına xidmət edərək regionun nəqliyyat infrastrukturunun genişlənməsinə imkan verəcək. Memorandumun əsas məqsədi Azərbaycanın əsas hissəsi ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Belə ki, bu məqsədlə Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpü inşa ediləcək. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Anlaşmaya əsasən, ən azı gündəlik 1000 ədəd yük nəqliyyatı qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsi tikiləcək. Anlaşmada layihənin maliyyələşdirilməsi xərclər üzrə də razılıq əldə edilir. Azərbaycan Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, İran isə Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün tikintisini maliyyələşdirəcək. Avtomobil yoluna paralel dəmir yolu xətti də inşa ediləcək. Növbəti 6 ayda dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsi məsələsi də razılaşadırılacaq.
2020-ci il noyabrın 10-da bağlanan üç tərəfli anlaşmadan keçən müddətdə Ermənistan Zəngəzur dəhlizinin qısa zamanda yaradılmasına əngəllər yaratdı. Halbuki, Ermənistan ərazisindən belə dəhlizinin reallaşması iqtisadi baxımdan bu ölkənin özü üçün də yeni imkanlar yarada bilərdi. Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizinə “dəhliz” deyil, “yol” kimi baxaraq bu faktordan gələcəkdə Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyə can atırdı. Halbuki, heç bir halda kommunikasiyalarda regionun Ermənistandan asıllığı mümkün deyil. İrəvandakı revanşist meyillər bu reallığı qəbul etməyə imkan vermədi. Azərbaycan Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaratmalqa öz planlarını reallaşdırdı və yenidən Ermənistan mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı”.