Xəbər verdiyimiz kimi, martın 14-dən Rusiya ərazisində instaqram sosial şəbəkəsinə giriş bloklanacaq. Bu məhdudiyyəti tətbiq edən Roskomnadzor (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) belə bir qərar verməsinə səbəb platformanın sahibi olan Amerikanın Meta (keçmiş Facebook) şirkətinin platformada ruslara qarşı zorakılıq çağırışları ilə bağlı yazıların dərcinə icazə verməsi olub.
Rusiyalı ulduz müğənni, aparıcı, bloqer və mədəniyyət nümayəndələri sözügedən qərarı narahatlıqla qarşılayıblar. Belə ki, instaqram sosial şəbəkəsi ulduzların reklam gəlirləri üçün əsas platforma rolunu oynayır.
Qərar açıqlandıqdan sonra, milyonlarla izləyiciləri olan ulduzlar öz hesablarında sevənləri ilə vidalaşmağa başlayıb, pərəstişkarlarını digər əlçatan platformalara dəvət ediblər. Bəzi bloqerlər bu qərarı hətta ağlayaraq paylaşıb. Məşhurların ən çox üz tutduğu sosial şəbəkə isə teleqram və "vkontakte" olub.


