BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sədərək” bazarı əvvəlki aktivliyini bərpa edə bilibmi? - REPORTAJ

Sədərək Ticarət Mərkəzi pandemiya başlayan vaxtdan demək olar ki, əvvəlki aktuallığını itirdi. Xeyli müddət qapalı qaldı, qadağalar götürüldükdən sonra isə mərhələli şəkildə fəaliyyətini bərpa etməyə başladı. Bəs indi bazarda vəziyyət necədir? Əvvəlki durumuna qayıda bilibmi?

 

Pravda.az-ın əməkdaşı Novruz bayramı öncəsi Sədərək Ticarət Mərkəzinə baş çəkib, bazardakı vəziyyəti öyrənməyə çalışıb.

 

Satıcı Tural Qasımov bildirib ki, pandemiya onlara xeyli zərər vurub, lakin indi əvvəlki vəziyyət bərpa olunur: “Bazarda satılan məhsullar demək olar çeşid olaraq o qədər çoxdur ki, istənilən adam üz tutub gəlir. Yəni, alıcı çoxluğu həmişəki kimidir. Təbii ki, bayram öncəsi daha da aktivlik olur”.

 

Satıcının sözlərinə görə, alıcıların əvvəlki vaxtlara nəzərən maddi vəziyyətləri aşağıdır: “Düzdür, alıcı həmişə ucuz almaq istiyir. Amma indi görürsən ki, doğurdan da çətin durumdadırlar”.

 

Bazarda süni gül, müxtəlif bəzək aksessuarları satan Xalidə Həsənova isə alıcı qıtlığından şikayətçidir: “Mən satdığım məhsullar daha çox toy-nişan zamanı istifadə olunur. Bildiyiniz ki, toylara da uzun müddət qadağa qoyuldu. İcazə veriləndən sonra isə, sanki insanların bunları almağa marağı azaldı. Ona görə də hələ ki, mənim üçün “əvvəlki bazar” bərpa olunmayıb”.

 

Novruz bayramı ilə bağlı xonça aksessuarları, müxtəlif bər-bəzəkli bayram atributları satan Kərim Məmmədov satıcılar arasında vəziyyətdən məmnun olanlardandır: “Novruz bayramı ərəfəsi əsasən bu malları düzürük vitrinə. Pis deyil. Gəlib, baxırlar, həm də alırlar. Milli bayramdır axı... Belə deyək də, cibimizin sevinmə müddəti bir aylıqdır. Ondan sonrası “Allah Kərimdir””.

 

Bazarda alıcılar da söhbətləşdik. Hamısı bazar bağlı qalan zamanlar əziyyət çəkdiklərini bildirdilər.

 

Ev üçün lazım olan xırda-xuruş bir neçə əşya almağa gəldiyini deyən Xədicə Əliyevanın sözlərinə görə, bazarda müəyyən qədər bahalaşma var: “Bayılda yaşayıram. Evim bura yaxın sayılır. Ayda bir dəfə, ya iki aydan bir gəlib buraya baş çəkirəm. Evə lazım olanları alıram. Qiymətlər əvvəlki vaxtlara baxanda bahadır. Amma guya harada ucuzdur ki? Yenə bura digərlərinə baxanda nisbətən ucuz sayılır”.

 

Güldəstə Quliyeva isə bazarda vəziyyətin vəziyyətin normal olduğunu bildirib: “”Düzü, xatırlamıram pandemiyadan öncə necə idi. Amma indi qızım üçün mətbəx əşyaları almağa gəlmişəm. Bahalı mal da var, orta mal da... Büdcəmizə uyğununu tapıb almağa çalışırıq. Ona görə də gərək bir az yorulasan, gəzib baxasan... Hələ ki, lazım olanlardan bir azını ala bilmişəm”.

 

Beləcə, bazardan ayrılırıq... Ümid edirik ki, müəyyən vaxt sonra həm alıcıların, həm də satıcıların arzuladığı Sədərək Ticarət Mərkəzi ilə qarşılaşarıq...

 

Leyla

Fotoları təqdim edirik
Tarix: 14 Mart 2022, 10:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin