"Ukrayna bu müharibəni həm siyasi, həm də hərbi cəhətdən uduzub. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi martın sonuna qədər başa çatacaq. Rusiya isə müharibəni iqtisadi cəhətdən uduzacaq, çünki ona qarşı tətbiq edilən sanksiyalar ciddi problemlər yaradacaq. Rusiyada vəziyyət gərgindir, dolların məzənnəsi yüksəlir, rublun dəyərdən düşməsi isə sürətlə artır. Avropanın Rusiyada təxminən bir trilyona yaxın, ümumilikdə dünyanın isə 2 trilyon dollar sərmayəsi var, lakin nədənsə Rusiya onların qiymətini aşağı salmır. Siyasi analizim belədir ki, Rusiya həmin səhmlərin tamamilə dəyərdən düşməsini və onları 10 qat ucuz almasını gözləyir. Bununla da daha çox çökən tərəf Avropa olacaq".


Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.


O bildirib ki, ABŞ Rusiya-Ukrayna müharibəsində öz maraqlarını təmin edib: "ABŞ müharibədən iqtisadi cəhətdən istədiyini alıb və qalib ayrılıb. Amerika Rusiyanın 837 milyard dollarlıq vəsaitini dondurub, Avropa İttifaqı üzvlərinin müdafiə xərclərini qaldırması ilə 300 milyard avroluq silah satışı üçün bazar əldə edib, bahalı qazını Avropaya satmaq üçün platforma qurub və əlavə olaraq, Avropa Birliyinin dağılması üçün zəmin yaradıb. Rusiya-Ukrayna müharibəsinin kökündə Amerikanın dollar məzənnəsini qorunmaq məqsədi dayanır. Doğrudan da, müharibəni istəyən yalnız dünyanın 50 milyarderidir. Müharibədən qazananlar da elə həmin milyarderlər olur. Rusiya bazarından çəkilsələr də, onlar lazım olan gəliri çoxdan götürüblər. İstənilən halda, Rusiya iqtisadi cəhətdən iflas ərəfəsini yaşayır".


Nəzrin Cavid