"Rusiyanın Ukraynaya hərbi təcavüzü, işğal cəhdi, oradakı davranışları dünyada Kremlin getdikcə daha çox təklənməsinə səbəb olur, zaman artıq birmənalı olaraq qəhraman Ukrayna xalqının, dövlətinin lehinə işləyir. Rusiyanın “blitzkrieg” gözləntilərinin darmadağın olmasını dünya da ciddi izləyir, Moskvanın güvəndiyi ölkələrin bir-bir üz döndərməsinə və ya başqa çıxış yolları axtarmasına səbəb olur. Bu isə Kremli daha da qəzəbləndirir, aqressivləşdirir, amma səhvlərini də artırır".
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərlinin sözlərinə görə, İraqın Ərbil əyalətində ABŞ-a məxsus məkanların vurulması cəhdinin arxasında Moskvanın “qulaqları” görünür: "Ərbil etnik kürdlərin üstün olduğu bölgədir, İran qonşu ölkənin, İraqın başqa bölgələrində daha çox söz sahibidir, amma Şimali İraqda, etnik kürdlərin daha çox olduğu bölgələrdə təsiri çox azdır, əksinə “PKK” kimi terror təşkilatlarının sözü daha çox keçən bölgədir ki, bu terror təşkilatının İranda da böyük bağlantıları, qrupları var, bu da İran dövlətinin heç də xoşuna gəlmir. “PKK”nın qurulmasında SSRİ əsas rol sahibi olub, bu gün də Rusiyanın terror təşkilatına ciddi təsirləri var. İran indiki məqamdan istifadə edərək öz şərtləri çərçivəsində Qərblə, ABŞ-la yeni saziş imzalamaq istəyir, bu isə Rusiyanın maraqlarına tam ziddir. Bu danışıqları kəsmək və ya uzatmaq üçün Ərbildə əməliyyat keçirə bilərdi. Sual yaranır ki, bəs nədən İranın bəzi qüvvələri bu hücumu öz üzərinə götürdü, bunun da səbəbləri var, İranda heç də hamı Qərblə yaxınlaşmağa isti baxmır, buna ciddi müqavimət göstərir, bu anlamda o qruplarla Rusiyanın maraqları üst-üstə düşür. Amma çox güman, İran Qərblə, ABŞ-la yaxın zamanda yeni müqavilələr imzalayacaq. Bu da İranın Rusiyadan artıq aralı durmaq istəməsinə işarədir. Bu gün İtaliyada yüksək rütbəli ABŞ diplomatı Sallevan ilə Çinin rəsmiləri arasında danışıqlar başlayacaq. Çinin Ukrayna hadisələrinə münasibəti hər keçən gün daha da dəyişir, artıq açıq mətnlə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Çin müharibənin ilk 5-6 günündə daha çox susmağa üstünlük verirdi, çünki Rusiyanın “blitzkrieg”lə tez qalib gələcəyini düşünürdü. Zaman uzandıqca Çin tutumunu dəyişir, bu da Kreml üçün çox böyük diplomatiq və iqtisadi zərbədir. Çinin AB və ABŞ ilə qarşılıqlı ticarət dövriyyəsi ilə 2,2 trilyon dollardır, Rusiya ilə isə keçən il tarixi maksimuma, cəmi 146 mlrd. dollara çatdı ki, bunun da böyük əksəriyyəti Çin tərəfindən neft-qaz və digər təbii sərvətlər alışıdır. Çin dəqiq bilir ki, onsuz da Rusiyanın başqa çıxış yolu yoxdur, həmin təbii sərvətləri Çinə satacaq, hətta daha ucuz, Çinə daha sərfəli şərtlərlə satmağa məcbur qalacaq. Bir sözlə, bu gün Ukrayna dövləti Rusiya mifini hər sahədə dağıtmaqla və ən əsası, Kremlin yeni “SSRİ” arzusunu gorbagor etməklə məşğuldur".
Leyla
"Ukrayna Kremlin yeni “SSRİ” arzusunu gorbagor etməklə məşğuldur"