Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

“Dövlət azad sahibkarlığı və liberal iqtisadiyyatı inkişaf etdirmək üçün mühüm addımlar atır” - RƏY

1 436
Paylaş:
“Dövlət azad sahibkarlığı və liberal iqtisadiyyatı inkişaf etdirmək üçün mühüm addımlar atır” -     RƏY

Ölkə iqtisadiyyatının tərəqqisi naminə sağlam rəqabət mühitinin formalaşdırılması üçün liberal iqtisadiyyat və azad sahibkarlıq inkişaf etdirilməlidir. Liberal iqtisadiyyat xalqlar arasında ticarətin əlçatanlığını təmin edir. Burada məhsul və xidmətin azad hərəkəti, tərəflərin hər birinin yüksək səviyyədə yararlana biləcəyi iqtisadi fəaliyyət nəzərdə tutulur. Beynəlxalq iqtisadi münasibətlərin fəal aktoruna çevrilən Azərbaycanda liberal iqtisadiyyatın və azad sahibkarlığın inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib. Ümumiyyətlə, bazar iqtisadiyyatının prioritet olduğu dövlətlərdə həmin sahələrin inkişafı olduqca vacibdir.

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, Azərbaycanda liberal iqtisadiyyat sahəsində kifayət qədər inkişaf müşahidə edilir:

“Ölkədə sahibkarlıq mühiti münbitləşdirilir və sağlam rəqabət formalaşdırılır. Sadəcə olaraq, investisiya və sahibkarlıq mühitində aparılan islahatlar sürətləndirilməlidir. Dövlət azad sahibkarlığı və liberal iqtisadiyyatı inkişaf etdirmək üçün mühüm addımlar atır. Formalaşdırılan yeni strukturlar sayəsində proseslər daha uğurla davam etdirilir. Misal üçün, Azərbaycanda fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz işinin öhdəsindən kifayət qədər yaxşı gəlir. Nəzərə almaq lazımdır ki, ölkənin iqtisadi siyasətində əlverişli biznes və investisiya mühitinin yaradılması ilə qeyri-neft sektorunun güclü inkişafına nail olmaq prioritet hesab edilir. Ona görə də qeyri-neft sektorunun hərtərəfli və sürətli inkişafını təmin etmək üçün azad sahibkarlığın inkişaf etdirilməsi, xüsusilə də kiçik və orta biznes fəaliyyətinin səmərəliliyinin artırılması vacib faktorlardır. Azad sahibkarlığın inkişafı ilə bağlı bu gün həllini tapmayan ən vacib məsələ isə maliyyə-kredit məsələsidir. Zəncirvari prosesdə həll olunması lazım olan ən mühüm məsələlərdən birincisi məhz budur. Nəzərə alaq ki, illik 18-20 faizlə götürülən bank krediti sahibkara qətiyyən sərf edə bilməz. Hesab edirəm ki, bu istiqamətdə problemlər həllini tapmalı, istiqraz bazarları artmalı, birjaların fəaliyyətinə daha çox təkan verilməlidir”.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov isə əsasən bu sahədə olan boşluqlar barədə danışıb.

O bildirib ki, azad sahibkarlıq və liberal iqtisadiyyat ilk növbədə qanunçuluğa əsaslanır: “Yəni, həmin sahələrin tətbiqi və inkişafı üçün müvafiq keyfiyyətli qanunların olması zəruridir. Bizim azad sahibkarlıq və liberal iqtisadiyyatla bağlı qanunları isə bir o qədər keyfiyyətli hesab etmək olmaz, məhz buna görə də inkişaf naminə qanunların təkmilləşdirilməsi vacibdir. Ümumiyyətlə, hər bir cəmiyyətin iqtisadi konstitusiyası onun mülki məcəlləsidir. Təəssüf ki, bizim Mülki Məcəllənin maddələrinin çoxu xarici mənbələrdən köçürülüb və yaxşı tərcümə edilməyib, üstəlik, sistemsizdir. Liberal iqtisadiyyatda isə müflisləşmə haqqında qanunların təkmilləşdirilməsinə ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatı 3 sütuna söykənir. Birinci, mülkiyyət hüququnun qorunması, ikincisi, öhdəliklərin icrası, üçüncüsü isə, sağlam rəqabətdir. Təəssüflə qeyd etmək lazımdır ki, ölkədə qeyd olunan bu üç amilin hər biri zəif işləyir. Mülkiyyət hüququ, adətən, qorunmur, öhdəliklər icra edilmir, sağlam rəqabət isə tam inkişaf etməyib. Odur ki, bazar iqtisadiyyatı yolunu seçən hökumətlər üçün vacib olan azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı üçün ölkədə mülkiyyət hüququnun qorunması, öhdəliklərin icrası və sağlam rəqabətin formalaşması təmin edilməlidir”.

KOBİA-nın son hesabatına əsasən, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi çərçivə strategiya planı hazırlanıb və hədəflər seçilib.

KOBİA

Qeyd olunub ki, əsas hədəflərdən biri ölkədə azad sahibkarlığı inkişaf etdirmək və KOB subyektlərinin makroiqtisadi göstəricilərindəki payını artırmaqdır. "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, bu müddət ərzində kiçik və orta biznes subyektlərinin qeyri-neft və qaz sektoru üzrə ümumdaxili məhsulda payını 35 faizə çatdırmalıdır. Həmçinin qeyri-neft sektoru üzrə məşğulluqda KOB subyektlərinin payının 60 faizə çatdırılması da strateji hədəf seçilib. Ölkədə azad sahibkarlıq və liberal iqtisadiyyatın bütün ölkə iqtisadiyyatındakı rolunun möhkəmləndirilməsi və rəqabətliliyin artırılması vacibdir.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə dərc olunub.

Nəzrin Cavid

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onlayn media  subyektlərinə (veb-saytlara) dəstək layihəsi elan edir!

Paylaş:

Ən son xəbərlər