“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin uzun müddətdir ki, Prezident İlham Əliyevlə əlaqə yaratması, ümumi vəziyyətlə maraqlanması xoşməramlı xarakter daşıyır. Həmçinin, Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpa-quruculuq işləri və s. ilə bağlı öz köməyini də təklif edir. Yəni, bu münasibətlər Azərbaycanla Avropa İttifaqının yaxınlaşmasına xidmət edir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, martın 14-də baş tutan telefon danışığı zamanı Şarl Mişel və Prezident İlham Əliyevin toxunduğu ən vacib məsələlərdən biri də Cənubi Qafqazdakı ümumi vəziyyət və Azərbaycan-Ermənistan münasibətləri olub: "Görünür, Avropa İttifaqı Azərbaycan və Ermənistan münasibətlərinin yaxşılaşdırılması istiqamətində addım atmaq istəyir. Ona görə də həm kommunikasiyaların açılması, həm də delimitasiya və demarkasiya məsələləri müzakirə edilir. Bu mənada, Azərbaycan öz mövqeyini bəlli edib, sülh sazişinin bağlanması üçün təkliflərini verib. Ermənistan isə bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləyir, müxtəlif bəhanələrlə prosesləri ləngidir. Azərbaycan maraqlı olan bütün tərəflərə bildirib ki, sülh tərəfdarıdır və regionda dayanıqlı sülhün bərpasına çalışır. Azərbaycan bütün qonşularla, o cümlədən Ermənistanla mehriban qonşuluq şəraitində yaşamaq istəyir. Nəzərə almaq lazımdır ki, müharibə başa çatıb və belə olan halda, yalnız sülh barədə danışıqlar getməlidir. Biz dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşırıq və digər dövlətlərdən də özümüzə qarşı bunu gözləyirik. Azərbaycan qısa müddətdə kommunikasiyaların açılmasında və delimitasiya və demarkasiya məsələlərinin həllində maraqlıdır. Təəssüf ki, Ermənistan sülh təklifinə adekvat cavab vermir, öhdəliklərini yerinə yetirmir. Ermənistan, sadəcə olaraq, imitasiya ilə məşğuldur, yalan vədlər verir, bəyanatlar yayır. Onlar əməldə münasibətlərin yalnız korlanmasına xidmət edən yaramaz fəaliyyətlə məşğuldurlar".
Nəzrin Cavid