“Ötən 30 il ərzində heç nə edə bilməyən və yaxud da etmək istəməyən ATƏT-in Minsk Qrupu çətin ki, qızğın Rusiya-Ukrayna müharibəsindən sonra fayda verə bilsin. İnandırıcı deyil ki, Minsk Qrupu çərçivəsində sağlam qərar qəbul edilsin. Nəzərə almaq lazımdır ki, hazırda Minsk Qrupunun həmsədr ölkələri olan Rusiya və ABŞ münasibətləri də gərgin fazaya keçib. Qərb ölkələri, Avropa, o cümlədən ABŞ və Fransa Rusiyaya ciddi sanksiyalar tətbiq edib”.
Bunu Pravda.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.

Politoloqun sözlərinə görə, Rusiyanın Qərb ölkələri ilə münasibətləri o dərəcədə pozulub ki, onlar heç bir məsələdə bir araya gələ bilmirlər: “Yəni, hesab etmirəm ki, ABŞ, Fransa və Rusiya Minsk Qrupu üzvü kimi normal qərar qəbul edə bilsinlər. Əslində yeni reallığa əsasən, onların fəaliyyətinə, ümumiyyətlə, son verilə bilər. Rusiya onsuz da bir çox regional və beynəlxalq təşkilatlardan uzaqlaşdırılıb, həmçinin, ATƏT çərçivəsində də tənqid atəşinə tutulub. Ona görə də Minsk Qrupunun dünyasını dəyişdiyini hesab edirəm. Rusiyanın Minsk Qrupundan uzaqlaşdırılması ehtimalına gəlincə isə, bu, Azərbaycan üçün xüsusi təhlükə yaratmaz. Azərbaycan Rusiya ilə müttəfiq olsa da, bizim xarici siyasətimiz milli maraqlarımıza uyğun həyata keçirilir. Misal üçün, Rusiya ilə müttəfiq olmağımıza baxmayaraq, Ukraynaya humanitar yardım göstərir, dəstəyimizi əsirgəmirik. Fikrimcə, proseslərin gərginliyini azaltmaq üçün əsas çıxış yolu danışıqlara getməkdir".
Nəzrin Cavid