“Bu gün Azərbaycanda koronavirusa yoluxan insan yoxdur. Səhiyyə Nazirliyi bu kimi hallardan qorunmaq üçün hər zaman qabaqlayıcı tədbirləri yüksək səviyyədə görür. Hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. Buna tam əmin ola bilərsiniz”.
Pravda.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib.
O, Azərbaycanda koronavirus epidemiyasının olduğu iddia edənləri insaflı olmağa çağırıb: “Bəziləri əllərində dəqiq məlumat olmadığı halda, yalan informasiyalarla camaatı qorxudub xofa salırlar. Əmin ola bilərsiniz ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bunu hamıdan əvvəl nazirliyin rəsmisi kimi özüm xəbər verəcəm. Allah o virusu bizdən kənar eləsin”.
Baş epidemioloq qeyd edib ki, koronavirusa görə qabaqlayıcı tədbirlər çərçivəsində ayrılan xəstəxanalarda şübhəli şəxs qismində heç kim saxlanılmır: “Onlar sadəcə respirator qrip virusuna görə müraciət edənlərdir. Həmin xəstəxanalarda müalicə olunanlara koronavirus diaqnozunu kim qoyub?! Təşviş üçün heç bir əsas yoxdur. Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?! Əgər belə bir təhlükə olsa, onu gizlədən deyilik. Biz xalqımızın düşməni deyilik ki?!”