Zamin Hacını "Zəhləm gedir səndən" adlı yazısını təqdim edirik.
Deyəsən, mənim altşüurumda “əkrəmləşmə” prosesi getməkdədir – son zamanlar əcaib, destruktiv, təxribatçı yuxular görməkdəyəm. Öncədən özümü sığortalayım, yuxularımın destruktivliyi dövlətçiliklə, milli siyasətlə bağlı deyildir, sırf şəxsidir. Yəni, bu yuxular mənim özümün qəlbimi parçalayır. Kaş bir tonqal olsa, pis yuxuları yığıb yandırsaq...
Üç-dörd gün qabaq yuxuma kim girsə yaxşıdır? Ağıla gəlməz. Lap söz oyunu olmasın, yatsanız yuxunuza girməz: Balabanov. Ünlü sovet-rus kino rejissoru Aleksey Balabanov. Mən Qarabağın vaxtilə işğal edilən ərazisində doğulmuşam, yuxuda gördüm ki, Balabanovla birgə kəndimizin yaxınlığındakı “Göl yeri” adlı ərazidə gəzişirik. Ona müharibənin evimizi necə dağıtdığını danışıram. Bu zaman yarğandan erməni tankı çıxır. Uzun yuxu idi, təəssüf, həmişə olduğu kimi oyanandan sonra ardını yadıma sala bilmədim.
Təbii ki, Balabanovun yuxuma girməsi onun filmləri haqda son zamanlar çox düşünməyim üzündəndir. Əgər kimsə “bu gün Rusiyada, Ukraynada, dünyada nə baş verir?” sualını verirsə, Balabanovun “200 nömrəli yük”, “Mən də istəyirəm”, “Ocaqçı” kimi filmlərinə baxmalıdır. O zaman bir çox əhvalatların səbəbini anlamaq olar. Xüsusilə “200 nömrəli yük” filmi. Bu filmi SSRİ-nin pasportu da adlandırmaq olar.
Ancaq qəribədir ki, hazırda şimal qonşumuzun ərazisində Balabanovun tamam əksyönümlü “Qardaş” film seriyası populyardır. Ruslar bu filmdəki antiamerikanizmə sözün əsl mənasında aşiqdirlər.
Bir insanın, yaradıcı şəxsiyyətin daxili aləmindəki ziddiyətləri, 180 dərəcə fərqli baxış bucaqlarını Balabanovun simasında görmək olar. İnsana müsbət və ya mənfi canlı olaraq baxmaq düzgün deyil, onun milyon dənə istiqaməti, çalarları, xasiyyətləri, siması var – Balabanov bizə bunu öyrədir. Qəddarcasına. Bəşəriyyətə nifrət doğuraraq.
Lakin bəşəriyyətin psixologiyasındakı bu bipolyar pozuqluğun, şizofrenik dualizmin, nə bilim, canım sənə desin, gicqulu dialektikanın (buradakı gicqulu sözünü rəhmətlik dostumuz Elçin Səlcuqun leksikonundan əxz elədiyimi yazmaq vəfa borcumdur) yerli, milli örnəyi dura-dura, niyə ilham atımızı uzaq şimalın qarlı-çovğunlu, şaxtalı-ayazlı bataqlığına sürməliyik? Hər dövrün öz aşığı, Homeri, Dədə Qorqudu olur. Bizim dövrümüzün salnaməsini də Rüfət Nasosnu yaradır. Gəlin onun gözəl mahnılarından birinə baxaq:
“Ay mənim balım, şəkərim,
Naz elə, nazını çəkərim.
Sən mənim ikinci özümsən,
Hər gün birinci sözümsən.
Çox incidirsən sən məni
Baxma ki sevirəm mən səni,