Dövlət Statistika Komitəsinin məlumatına görə 2021-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı 1499 cinayət faktı qeydə alınıb. Bu, 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 19% artım deməkdir: 2019-cu ildə 1308, 2020-ci ildə 1260 belə fakt qeydə alınmışdı.
Məişət zorakılığı nəticəsində zərər çəkmiş şəxslərin sayı 2021-ci ildə 1536 nəfərə çatıb. Zərərçəkənlərin 78%-i qadınlardır. Dövlət Statistika Komitəsinin (DSK) Daxili İşlər Nazirliyinə (DİN) istinadən verilən məlumata görə, məişət zorakılığı nəticəsində ölənlərin 46-sı qadındır (1-i yetkinlik yaşına çatmayan şəxs). 2020-ci ildə bu göstərici 41 olub. Ancaq bu statistika ilə razılaşmayanlar var. Qadın hüquq müdafiəçisi Mehriban Zeynalovanın sözlərinə görə 2021-ci ildə “70-dən çox qadın yaxınları—atası, qardaşı, qayınatası, həyat yoldaşı, sevgilisi tərəfindən öldürülüb… 2022-ci ilin ilk iki ayında 7-dən çox qadın qətlə yetirilib”.
Göründüyü kimi, hətta rəsmi statistikaya görə məişət zorakılığı məsələsi Azərbaycan cəmiyyətində problem olaraq qalır. Bu zəmində baş verən cinayətlər və bu cinayətlərin qurbanlarının sayı artmaqdadır. Erkən nikah, cinsi səbəblərə görə abort və digər belə məsələlər hələ də aktualdır. Bəs problemi həll etmək üçün hansı tədbirlər görülür?
Əlbəttə, mübarizə yalnız müvafiq cinayət işlərinin açılması ilə məhdudlaşmır, səbəblərə qarşı mübarizə aparılmalıdır. Məhz səbəblər aradan qaldırılsa, nə qədər insan həyatı dəyişər, xilas olar. Əslində Azərbaycanda problemlə birbaşa məşğul olan dövlət qurumu var–Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi mövcuddur. Və komitə uyğun profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə hər il dövlət büdcəsindən müəyyən qədər vəsait alır. Vəsaitin tədbirlərə kifayət edib-etməməsi ayrı mövzudur. Şübhə doğuran, vəsaitin bölgüsü məsələsidir.
118 min manatlıq müavilə
Azərbaycanda ən aktual problemlərdən biri, doğulacaq uşağın cinsinin müəyyən edilməsi nəticəsində həyata keçirilən abortlardır. Buna qarşı tədbirlər görülür–Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi təlimlər və tədbirlər keçirir. Məsələn, 2022-ci il, fevralın 17-də komitə digər tədbirlər ilə birgə həm də “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə üzrə icma səviyyəsində maarifləndirmə tədbirin keçirilməsi”nə dair müqavilə imzalayıb. Müqavilə əsasında “bir rayon və ya şəhərdə maarifləndirmə tədbirinin təşkili, bir rayonda bir ekspertin iştirakı” nəzərdə tutulur. Tədbir xərclərinə bir ekspert üçün iştirak haqqı, 50 nəfərlik çay fasiləsi daxildir və müqavilənin ümumi dəyəri 118 min manatdır.
Komitə müqaviləni “Aqrolayn Qrup” MMC (VÖEN: 2001975481) ilə imzalayıb. Adında “aqro” sözü olan şirkətin doğulacaq uşağın cinsinin seçilməsinə qarşı mübarizə ilə yox, daha çox kənd təsərrüfatı sahəsi ilə məşğul olması təəssüratı yaranır. Şirkətin haqqında məlumatlara baxaq.
Kommersiya hüquqi şəxslərin reyestrinin məlumatına görə “Aqrolayn Qrup” MMC 2011-ci il, iyunun 13-də qeydiyyatdan keçib. Rəsmi ünvanı Bakı şəhəri, Xətai rayonu, N. Rəfiyev küçəsi, ev 11, mənzil 10-dur. Ünvan dəyişməyib. Qanuni təmsilçi qismində Şəmsun Bəhrəm oğlu Məmmədov qeyd olunub. Şirkətin yaradıldığı ildə təsisçilərinin Eldar Üzeyir oğlu Hacıyev və Cəmil Yusif oğlu Mirzəyev olduğu göstərilir. Dövlət Vergi Xidmətinin saytında 2020-ci ildə işçilərinin əməkhaqqını ödəmək üçün dövlətdən kömək alanların siyahısında “Aqrolayn Qrup” MMC-nin də adı var.
“Aqrolayn Qrup” MMC nə ilə məşğuldur?
Google-da axtarış verəndə Xətai rayonu üzrə “Aqrolayn Qrup” adlı bir şirkəti tapmaq olur. Onun da fəaliyyət sahəsi belə qeyd olunub: “kənd təsərrüfatı bitkiləri məhsullarının emalı üzrə xidmətlərin göstərilməsi”. İnternetdə şirkətin adı ilə bağlı başqa məlumatlar da var. Məsələn, 2013-cü ildə Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclası keçirilib. Bu iclasda 9 satıcı təşkilat, o cümlədən, “Aqrolayn QRUP” MMC iştirak edib. Bu, eyni adlı başqa şirkət ola bilərmi? Kommersiya hüquqi şəxslərin reyestrinə görə Azərbaycanda daha iki belə şirkət var: Aqrolayn Qrup MMC və AGROLİNE GROUP. Hər iki qrup qeydiyyatdan 2015-ci ildə keçib.