72 il bundan öncə Pekin, Vaşinqton və Moskva arasında “həssas nöqtələr” və “qırmızı xət”lər müəyyənləşdirilmişdi.
Sual olunur: hazırda dünyanın Şərq qütbündə baş verən hadisələrin Qərb qütbündə baş verməsinə ABŞ icazə verərdimi? Məsələn, Meksika və Kanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaq istəsələr, ABŞ buna necə reaksiya verər?
1949-cu ildə NATO yaranan zaman əldə olunan razılığa əsasən, heç kəs sərhədlər yaxınlığında “qırmızı xətti” keçməyəcəkdi. Sonuncu dəfə 1968-ci ildə Vaşinqtona Şərq qütbündə və Şərqi Avropadakı “qırmızı xətt” göstərilmişdi.
Okeanın o biri tayından gəlib Rusiyanın sərhədlərində yerləşən ölkələri NATO-ya cəlb etmək Moskva üçün təhlükəsizlik amili hesab olunmalıdır, yoxsa yox?!
Ümumiyyətlə, ABŞ Gürcüstan hadisələrindən sonra Rusiya ilə qonşu ölkələrin NATO-ya üzvlüyə cəlb olunması kimi təhrikedici, aldadıcı və birqütblü hipotetik yanaşmalardan əl çəkməli idi.
Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Təkcə ABŞ-ın müdafiə xərcləri 700 milyard dolları ötür. Bu, Çinin müdafiə xərclərindən ən azı 4 dəfə böyükdür. Rusiyanın müdafiə xərcləri də ABŞ-ın müdafiə xərclərindən bir neçə dəfə azdır. ABŞ okeanın o biri tərəfində kimdən və nədən müdafiə olunur? Nə baş verir ki, ABŞ məhz Şərq ölkələrində müdafiə olunmağa məcbur olur?