Onilliklər ərzində rus oliqarxları qanunsuz yolla əldə edilmiş milyardlarla dolları xaricə köçürüblər. Bu vəsaitin izini tapmağı son dərəcə çətinləşdirmək üçün onu "qabıq" (heç bir ofisi və işçisi olmayan və yalnız kağız üzərində mövcud olan) şirkətlərə qoyublar.
İndi dünya ölkələri bu vəsaiti tapmaq üçün addımlar atır.
Dünyada nə qədər "qaranlıq rus pulu" var?
ABŞ-ın "Atlantic Council" ("Atlantika Şurası") Analitik Mərkəzi bildirir ki, rusların xaricdə gizlətdiyi "qaranlıq pul"un həcmi təxminən 1 trilyon dollar cıvarındadır.
Onun 2020-ci il hesabatında bu məbləğin dörddə birinə Rusiya prezidenti Vladimir Putin və onun yaxın adamları - "oliqarxlar" kimi tanınan varlı rusların nəzarət etdiyi təxmin edilir.
"Bu pullar Kreml tərəfindən casusluq, terrorizm, sənaye casusluğu, rüşvətxorluq, siyasi manipulyasiya, dezinformasiya və bir çox başqa mənfur məqsədlər üçün istifadə edilə və idarə oluna bilər", - hesabatda deyilir.
"Qara pul" necə əldə edilib?
ABŞ-ın digər beyin mərkəzi sayılan "National Endowment for Democracy" (Demokratiya naminə Milli Fond) deyir ki, Putin yaxın adamlarını "dövlət büdcəsindən oğurlamağa, özəl bizneslərdən pul qoparmağa və hətta gəlir gətirən müəssisələrin açıq şəkildə ələ keçirilməsinin təşkilinə" təşviq edib.
Orada deyilir ki, bu yolla onlar dəyəri 10 milyardlarla ölçülən şəxsi sərvətlərini toplayıblar.
Rusiyanın müxalifət liderləri Boris Nemtsov və Vladimir Milov iddia ediblər ki, 2004-2007-ci illər arasında neft nəhəngi "Qazprom"un vəsaitlərindən Putinin yaxınlarına 60 milyard dollar köçürülüb.
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən dərc edilən Pandora Sənədləri qeyd edir ki, Putinə yaxın insanlar çox varlanıblar və ona öz sərvətlərini köçürməkdə kömək edə bilərlər.
Pul harada saxlanılır?
Tarixən bu pulların çoxu əlverişli vergi mühiti olan Kiprə gedib. Bəziləri üçün ada "Moscow on the Med" ("Aralıq dənizi sahilindəki Moskva) kimi tanındı.
Atlantika Şurasının məlumatına görə, təkcə 2013-cü ildə Rusiyadan 36 milyard dollar pul çıxıb. Vəsaitin çox hissəsi həqiqi sahiblərini gizlətmək üçün istifadə olunan "qabıq şirkətlər"i vasitəsilə ölkədən çıxarılıb.
2013-cü ildə Beynəlxalq Valyuta Fondu Kipri "shell şirkətləri"nin ("qabıq şirkətlər") saxladığı on minlərlə bank hesabını bağlamağa razı salmışdı.
Britaniyanın Virciniya və Kayman adaları kimi ölkənin digər kənar əraziləri də sevimli istiqamətlərdir.
Global Witness-in hesabatında deyilir ki, 2018-ci ildə rus oliqarxlarının bu vergi cənnətlərində təxminən 45,5 milyard dollarlıq maliyyə ehtiyatları var.
Bu pulun bir hissəsi Nyu-York və London kimi maliyyə paytaxtlarına yol tapır və orada investisiya kimi istifadə edilə və gəlir gətirə bilər.