38 yaşlı Şoji Morimoto milyonlarla insanın real görünməyən arzusunu reallaşdırıb. O heç nə etmədən pul qazanmaqla dolanır.
Bu günlərdə "Washington post" nəşri və dünyanın bir çox mediaları onun haqqında materiallar dərc edir.
Morimoto tənhalıqdan əziyyət çəkən insanlara müxtəlif məqsədlərlə partnyor və yoldaşlıq xidməti təklif edir və bunun qarşılığında ödəniş alır.
Onun xidmətlərinə marafon qaçışı sonunda tanış sima görmək istəyən müştərini gözləmək, təklikdə çalışmaqdan darıxan universitet tələbəsinin tezisini yazarkən yanında oturmaq və ya pandemiya vaxtı stress keçirmiş tibb işçisinə qulaq asmaq kimi fəaliyyətlər daxildir.
O əsasən travmatik xatirələrini bölüşmək istəyən, çətin həyat dönəmlərindən keçən, ümumilikdə həyatında dönüş nöqtəsi yaşayan insanların yanında olur. Hər belə seans üçün ona 85 dollar ödənilir. O sadəcə insanların yanında olur, onları dinləyir, çox az, nadirən cavab verir və onları mühakimə etmir.
"Məncə insanlar özlərini gücsüz hiss edəndə və ya məhrəm vaxtlarında yaxın çevrələrinə qarşı daha həssas olurlar. Onlar tərəfindən necə anlaşılacaqlarını, necə münasibət görəcəklərini düşünürlər. Ona görə də onlar hər hansı bağlarının olmadığı yad bir adama ehtiyac duyurlar"- Morimoto deyir.