Ümid Partiyasının sədri İqbal Ağazadə ona qarşı 2003-cü illə bağlı səsləndirilən ittihamlara münasibət bildirib.
“Qadın ailə üzvümü təhdid altında qoymalıyam, yoxsa İsa Qəmbəri?” - İqbal Ağazadə
Pravda.az-ın xəbərinə görə, İ.Ağazadə həmin vaxt müxalifətin əleyhinə ifadə verməsinə aydınlıq gətirərkən deyib ki, həbs edildikdən sonra gördüyüm işgəncələrlə bağlı hər kəsin məlumatı var: “Mənimlə birlikdə həbsdə olan şəxslər həbsdən çıxdıqdan sonra bəyanat yaydılar ki, bu məsələnin üzərindən İqbal Ağazadəni ittiham etmək ləyaqətsizlik və şərəfsizlikdir. Bu, bir şillə-təpik məsələsi deyildi, namus-qeyrət məsələsi idi. Məni ailəmlə təhdid etdilər. Seçki və digər proseslərlə bağlı ilkin ifadələrim var. Sonra təhdid olundum... Bu gün də həbs olunsam, həmin şeylərlə təhdid olunsam, eyni cür çıxış edərəm. Dostum niyə düşünməlidir ki, qadın ailə üzvümü təhdid altında qoymalı, onu qorumalıyam? İsa Qəmbər deyirsə ki, İqbal Ağazadə bu cür ifadə verib... Sual verirəm, qadın ailə üzvümümü təhdid altında qoymalıyam, yoxsa İsa Qəmbərimi? Kim bunu başqa cür qəbul edirsə, onun düşüncəsinə, məntiqinə, həm də namusa və şərəfə münasibətinə pis baxıram. Hakimiyyət məni işgəncə ilə seçim qarşısında qoymuşdu. Kimi seçməli idim? Həmin dövrdə məndən əvvəl tutulan lider yox idi. Mən, Pənah Hüseyn və Sərdar Cəlaloğlu həbs olunmuşdu. Prosesi Sərdar Cəlaloğlu mənim qədər aparmırdı. O, prosesə oktyabrın 8-dən qoşulub. Yəni, Rəsul Quliyev İsa Qəmbərə dəstək verəndən sonra... Pənah Hüseyn isə prosesin içində idi. Görünür, aktiv proses aparmışam. Hadisədən 17 il keçəndən sonra bunun üzərində spekulyasiya etmək düzgün deyil. Məni qadın ailə üzvümlə təhdid edirdilər. Kimi desəniz, qurban verərdim... Öz ailə üzvümü qoruya bilmirəmsə, sabah Azərbaycanın digər vətəndaşlarını necə qoruyacam? Bir Azərbaycan qadınının qorunması üçün nə qədər lazımdırsa, qurban vermək mümkündür. Qadın düşmən əlinə keçməsin deyə nələrsə edənləri mərd adlandırırlar, özlərinə çatanda namərd deyirlər... Adamlar bunu edənlərin deyil, mənim üzərimə gəlirlər. Evimə basqın ediləndə hər kəs həyətdə yerə uzadılmışdı. Bu, hər kəsin gözünün qarşısında olub. İqbal Ağazadə tək həbs olunmayıb, nəslində nə qədər kişi varsa, hamısı həbsdə idi...” – İ.Ağazadə qeyd edib. (“Azadlıq radiosu”/video-müsahibə)