Artıq uzun müddətdir ki, Bakı-Quba-Bakı yolunun cari vəziyyəti geniş müzakirə olunur. Magistral yolun dağılması, yaranan çuxurlar sözün əsl mənasına sürücülər üçün təhlükə yaradır.
Milli Məclisin son iclaslarında da yolun bərbad vəziyyəti deputatlar tərəfindən tənqid olunur. Parlamentin dünənki iclasında da sözügedən məsələnin qaldırılması problemi yenidən gündəmə gətirdi. “Ölkə.Az”a açıqlamasında bildirdi ki, mövcud problem onları da narahat edir:
“Bakı-Quba yolunun xüsusən Qubadan paytaxt istiqamətində yolun hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması agentlik olaraq bizi də narahat edir. Mütəmadi olaraq əraziyə cavabdeh olan MMC-lər tərəfindən yolda təmir işləri icra olunur. Lakin bu təmir işləri ərazidə hərəkətin müvəqqəti olaraq normallaşmasına gətirib çıxarır. Bir müddətdən sonra isə həmin təmir işlərinin əhəmiyyəti itir. Buna görə də, sözügedən yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var”.
Qurum rəsmisinin sözlərinə görə, bununla bağlı aidiyyəti üzrə məlumatlar təqdim olunub. Həmin məlumatlar əsasında isə Bakı-Quba yolunun Bakı-Sumqayıt hissəsi (30 km hissə) əsaslı təmir olundu. Hazırda yolun Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi hissəsində (14 km ərazi) əsaslı yenidənqurma işləri icra olunur. Təbii ki, bu işlər mərhələli şəkildə davam etdiriləcək”.
Bakı-Rusiya sərhədi hissəsində yeni avtomobil yolunun inşa olunduğunu xatırladan A. Nəcəfli yolun inşasının ilin sonuna yekunlaşdırılmasının planlaşdırıldığını vurğulayıb. “ Yol istifadəyə verildikdən sonra, hərəkət intensivliyi həmin yola köçəcək, Bakı-Quba yolunda bu intensivlik azalmaqla ərazinin əsaslı şəkildə yenidən qurulmasına, işlərin maneəsiz aparılmasına şərait yaradılacaq. Ümumilikdə, Bakı-Quba yolunda yenidənqurma işlərinin aparılması nəzərədə tutulur”, - deyə o əlavə edib.