2014-cü ildən “Transit for Baku” layihəsi əsasında hazırlanaraq istifadəyə verilən xidmət 2022-ci il martın 19-dan avtobus məlumatlarının “Google” xəritələrinə inteqrasiyasını dayandırıb.

Pravda.az xəbər verir ki, hazırda sistemin “Grace period” (güzəşt müddəti) prinsipi ilə görünən məlumatları yaxın zamanda “Google” xəritələrdən yığışdırılacaq.

“Transit for Baku”nun saytında yerləşdirilən məlumatda deyilir ki, xidmətin ləğvi Bakı Nəqliyyat Agentliyinin (BNA) düzgün iş prinsipi qurmaması ilə əlaqədardır.

Agentlik tərəfindən marşrutlar haqqında məlumatlar gecikdirilir, həmçinin “Transit for Baku”nun sorğuları cavabsız buraxılır.

“BNA dəyişikliklər barədə məlumatlandırmada çox gecikir, bəzən məlumatlarda ərazidə aşkar edilən səhvlər olur və ya məlumatlandırma ümumiyyətlə reallığa uyğun olmur. Bəzən məlumatlandırma dəyişiklik baş verəndən sonra yerinə yetirilir. Bəzən isə ümumiyyətlə, rəsmi məlumatlandırma olmur və dəyişiklik sürprizə çevrilir”, – məlumatda deyilir.