Bakıda keçmiş məhkumu oğurlayaraq narkotik satmasını tələb edən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşazadə aprelin 4-də bir nəfərin onu Sabunçu qəsəbəsi ərazisində yerləşən evə apararaq 2 gün orada saxlayıb narkotik vasitələr satmasını təklif etdiyini, razı olmadıqda isə mobil telefonunu alıb digər şəxslə birlikdə döyüb videoçəkiliş aparmalarını və buraxılması müqabilində 2000 manat pul tələb etmələrini bildirib.