Azərbaycanda arzusunda olduğu şirkətdə işə qəbul olur. Bir il işlədikdən sonra ölkə xaricinə getmək qərarı verir. İlk olaraq təhsillə addım atır. Ətrafındakılar "Bakıdakı yüksək maaşlı işi qoyub hara gedirsən? Orda tələbə olacaqsan, bəlkə heç xoşun gəlməyəcək, oxuya bilmədin, geri qayıtdın” desə də, fikrindən daşınmır və gedir. Söhbət hazırda "Meta” ("Facebook”) şirkətində baş proqramçı kimi çalışan həmyerlimiz Emin Quliyevdən gedir. E.Quliyev bundan öncə "Microsoft”, "Amazon”, "Delivery Hero” kimi beynəlxalq şirkətlərdə çalışıb. Qeyd edək ki, E.Quliyev Bakı Dövlət Universitetində (BDU) informatika ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Daha sonra Münhen Texniki Universitetində informatika üzrə ikinci magistr təhsili alıb.
- Atanız həkim, ananız mühəndis olub. Həkimin övladını həkim, mühəndisin isə mühəndis görmək istəməsi kimi yanaşmalar olur. Sizdə belə oldumu?
- Atam bacımın həkim olmasını istəyirdi, ona görə kimya-biologiya təmayüllü liseyə qoydu. Bacımın tək getməməsi üçün atam mənə dedi ki, səni də o liseyə qoyaq. Dedim ki, hər gün bacımı məktəbə aparıb-gətirməyə razıyam, amma məni o liseyə qoymayın, mən riyaziyyatı sevirəm. Anam isə dedi ki, özü hansı sənəti sevirsə, qoy o sənətin arxasınca getsin. Çünki anam vaxtilə memar olmaq istəyib, sonra mühəndis olub və heç vaxt öz işindən həzz almayıb. Bacımın da həkimliyə marağı var idi, o sahənin arxasınca getdi. Hazırda Berlində nevropatoloq işləyir. Amma mən kimya-biologiya yox, fizika, riyaziyyat və informatika təmayüllü liseyə getdim.
- Riyaziyyatçı olmaq istəyirdiniz, yoxsa proqramçı?
- Riyaziyyat məndə yaxşı alınırdı. 9-cu sinifdə informatika təmayüllü liseydə oxumağa başladım. Sevimli Təranə müəllimim evə 100 test verirdisə, mən 400 test edirdim. Yəni sırf riyaziyyatçı, alim olmaq kimi hədəfim yox idi. Sadəcə, yaxşı alınırdı deyə məşğul olurdum. Liseydə artıq proqramçılıq haqqında məndə təsəvvür yarandı. Ona görə də sənədlərimi tətbiqi-riyaziyyat yox, informatika ixtisasına verdim.
- Lisey dövründə proqramlaşdırma ilə bağlı hansı bacarıqları əldə etmişdiniz?
- Xarici dövlətlərdə məktəb və universitetlərdə informatikanı daha yaxşı tədris edirlər. Onlarla müqayisəyə qalsa, liseydə proqramlaşdırma ilə "Salam əleyküm” tipli bir başlanğıc tanışlığım oldu. Bildim ki, proqramlaşdırma nədir, xırda proqramlar nə cür yazılır və s. Əsas proqramlaşdırmanı BDU-da öyrənməyə başladım. İndi ADA Universitetində dekan olan Araz Yusubov o vaxt BDU-da bizim müəllimimiz idi. O qrupdan bir çox uğur qazanmış uşaqlar çıxıb. Araz müəllim öyrətməsəydi, biz heç birimiz o uğuru qazana bilməyəcəkdik. Həmişə Araz müəllimə deyirik ki, bizə çörəyi siz vermisiniz. Əsas bilikləri birinci kursdan əldə etməyə başladıq.
- İkinci kursdan da işləməyə başlamısınız. Bir ilə artıq işləməyə hazır idiniz?
- Əslində, işləmək bizim üçün o qədər əlçatmaz arzu idi ki, heç bir yerə iş üçün müraciət etməmişdik. O inamı özümüzdə hiss etmirdik. O vaxt universitetdə magistrdə oxuyan Anar adlı bir oğlan var idi. O heç bir qarşılığı olmadan bizə alqoritmlərdən, informatikadan əlavə dərs deyirdi. Bir gün mənə dedi ki, başqa şirkətə işə gedirəm, öz yerimə iki nəfər işçi tapmalıyam. Bir qrup yoldaşımla məni seçdi. Həyəcanlı idik ki, indi bizi sınaq edəcəklər. Amma dedilər ki, artıq gələn həftədən işə başlaya bilərsiniz. Biz şoka düşdük, necə yəni, biz proqramçı kimi işə başlayırıq? Çox sevinmişdik. İlk qazancımız aylıq 50 dollar idi. Gündə bir dönər alsan, bəs etmirdi. Amma o pul bizə çox şirin idi. İkinci kursda may ayından orda işləməyə başladıq. Bir il sonra başqa şirkətə keçdim, 4 il orda işlədim. Sonra başqa bir şirkətə. Ancaq mobil operatorlardan birində çalışmaq hədəfim var idi. Bizim dövrümüzdə Azərbaycanda ən yaxşı proqramlaşdırma komandası həmin şirkətdə idi. 3-4 cəhdimdən sonra qəbul oldum.
- Amma bir il işləyəndən sonra çıxıb magistr təhsili üçün Almaniyaya getmisiniz.
- Bir iş yoldaşım magistr təhsili üçün Münhenə köçdüyünü dedi. Universitetin tədris proqramını mənə göstərdi. Gördüm ki, çox gözəl fənlərdir. İnformatika, data elmləri, süni intellekt üzrə çox gözəl təhsil verirdilər. Bir anda maraq oyandı, sənədlərimi göndərdim. Bakalavrı fərqlənmə ilə bitirmişdim. Məni ilk turdan qəbul etdilər. Qəbul edirlər, amma sonra gərək İELTS imtahanını verəsən ki, tam qəbul olunmuş sayılasan. İki ay vaxtım qalmışdı. Əlimdən gələni etmək qərarına gəldim. İşdən sonra gecəyə qədər oxuyurdum. İki ay ərzində İELTS-i aldım. Növbəti problem o idi ki, Almaniyada təhsil üçün pulum yox idi. Dövlət təqaüdünə sənədlərimi verdim, o da alındı. Artıq dörd aydan sonra ailəmlə Münhenə köçdük.
- Qohumlar, tanışlardan bəziləri mənə deyirdilər ki, Emin, Bakıdakı yüksək maaşlı işi qoyub hara gedirsən? Orda tələbə olacaqsan, bəlkə heç xoşun gəlməyəcək, oxuya bilmədin, geri qayıtdın və s. Mən yeni ailə qurmuşdum. Dövlət təqaüdü həm mənə, həm də yoldaşıma tam bəs edirdi. Amma Münhenə köçəndən yeddi ay sonra oğlum anadan olacaqdı. Bu dövrdə bizə çətin olacaqdı. Ona görə də var gücümlə oxuyurdum ki, o çətin fənləri artıq iki semestrdə tamamlayım, övladım anadan olandan sonra yoldaşıma kömək edə bilim. Hər şey plan üzrə getdi. Həmin çətin mərhələni övladım olana qədər bitirdim. Ondan sonra yoldaşıma kömək edə-edə diplom işimi yazdım, bəzi imtahanlarım qalmışdı, onları verdim. Bir sözlə, uğurlu alındı.
- Təhsil müddətində işləməyə ehtiyac olmadı?
- Yox, çünki dövlət təqaüdü var idi. Ancaq təqaüd iki il verilirdi. Diplom işini bir az gec başladım, ona görə 3 ay da əlavə qalmalı oldum. Həmin müddət üçün artıq dövlət təqaüdü olmadı. Axırıncı semestrdə artıq pulum qurtardı. Orda çox böyük stress oldu. Pulum qurtarırdı, amma diplom işi qalmışdı. Çıxış yolu olaraq fikirləşdim ki, diplom işimi "Siemens” şirkətində götürüm. Çünki həmin şirkətdə diplom işinin mövzusu "Siemens” tərəfindən verilir və nəticəni də özləri istifadə edirlər. Həm də onlar sənə aylıq 670 avro pul verirlər. Data mining fənni müəllimimiz "Siemens”də işləyirdi. Onun fənnindən sinifdə iki nəfər yüksək nəticə almışdı. Biri mən idim. Dedim ki, mən sizin fəndən ən yüksək nəticə göstərmişəm. İstəyirəm ki, diplom işimi sizin rəhbərliyiniz altında "Siemens”də edim. Razılaşdı və aylıq 670 avro pul mənə kifayət etdi ki, Azərbaycana dönməyim.
- 3 aydan sonra da pul lazım idi. İş tapmağınız necə oldu?
- Diplom işimi bitirəndən sonra cəmi bir aylıq pulum qalmışdı. O bir ayda iş tapmasam, Azərbaycana geri dönməliydim. Hardasa 100-ə yaxın şirkətə iş üçün müraciət etdim. Əksəriyyəti cavab vermirdi. Çünki müraciət çox olur, hamıya cavab vermirlər. Şansımdan iki yer cavab verdi. Müsahibədən keçdim və iş təklifi aldım. Orda da ən çox maaş verən yerə getdim. Orda da beş ay işlədim və sonra Amerika şirkəti "Microsoft”un Danimarka ofisində işə qəbul oldum və Kopenhagenə köçdük.
- "Microsoft” necə bir şirkətdir? Sizə nə qatdı?