Yazıçı Əkrəm Əylisli Qaynarinfo-nun suallarını cavablandırır...
- Əkrəm müəllim, necəsiniz? Səhhətiniz, əhvalnız nə durumdadır?
- Səhhətimi heç soruşmasan yaxşıdır, Ağa. Yazanda diriyəm, yazmayanda – ölü. Əslində, mən həmişə belə olmuşam: özümün həqiqətən insan olduğuma yalnız yazandan–yazana ürək dolusu sevinə bilmişəm. İndi yaş da öz sözünü deyir. Əvvəlki enerji ilə yazmağa zorum çatmır.
- Son iki hekayəniz haqqında müəyyən tənqidi fikirlər səsləndi. Bu sizin əhvalınıza mənfi təsir göstərmədi ki?
- Normal yazıya münasibətdə mütləq fərqli fikir olmalıdır. Heç bir ciddi yazı barədə heç vaxt yekdil fikir ola bilməz. Yekdil fikir o yerdə olur ki, orda ya qrup mənfəəti, ya da dövlət marağı olur. Mən 60 ildən çoxdur ki, yazıram. Ancaq mübahisə doğurmayan bir yazım da yadıma gəlmir.
- Əkrəm müəllim, xüsusilə Çingiz Abdullayevin yanaşması mənə qəribə gəldi. O mənada ki sizin əsərlərinizi, mətnlərinizi oxuyan, anlayan, sevən adamlar Çingiz Abdullayevi, ümumiyyətlə, yazıçı hesab etmirlər. Bu haqda fikirləriniz maraqlı olardı.
- Çingiz Abdullayevin dediyində "yanaşma” yoxdur axı. Deyir ki, "dəfndən də əsər yazalar?” – Çingizin hekayə barədə dediyi vur-tut bundan ibarətdir. Dünya ədəbiyyatında, dəfn mövzusunda, onlarca (bəlkə yüzlərcə) hekayə, povest, roman var. Çingiz kimi mütaliəli bir qələm sahibinin bunu bilməməyi şəxsən məni olduqca heyrətləndirir.
Mənim Çingiz Abdullayevlə şəxsi-qərəzliyim yoxdur. Allahı var, bir həftədə iki roman yazıb, özünün çoxsaylı oxucularını xoşbəxt eləsin. Ancaq mənim Çingizə deyiləsi bir-iki sözüm var...
Çingiz Abdullayev kütləvi oxucu tərəfindən çox tanınan və sevilən yazıçıdır. Ancaq o "kütləvi oxucu” kimdir, nəçidir? Onun bədii zövqünə inanmaq olarmı, lazımdırmı?.. Məncə, olmaz və lazım deyil. Çünki belə oxucunun milli mənəvi yaddaşı olmur və onun bəşəri mənəvi dəyərlər barədəki təsəvvürü də olduqca səthi və mücərrəddir. Əyləndirən ədəbiyyatla düşündürən ədəbiyyatın böyük fərqini anlamadan bədii əsər barədə obyektiv fikir söyləmək mümkün deyil. Mən, əlbəttə, düşündürən ədəbiyyatın tərəfindəyəm və əyləndirən ədəbiyyatı ciddi ədəbiyyat saymıram. Yəqin ona görədir ki, əyləndirən dünyada mənim üçün heç vaxt yer tapılmayıb. Ağlım kəsəndən bəri həmişə düşündürən dünyanın sakini olmuşam.
Mənim Çingiz Abdullayevlə şəxsi-qərəzliyim yoxdur. Allahı var, bir həftədə iki roman yazıb, özünün çoxsaylı oxucularını xoşbəxt eləsin. Ancaq mənim Çingizə deyiləsi bir-iki sözüm var. Birinci, onu demək istərdim ki, özündən danışanda çox uzağa getməsin, qızışıb kəllə-çarxa çıxmasın. Mütləq nəzərə alsın ki, əsərlərinin bir qismi hələ kumık dilinə tərcümə olunmayıb və Pataqoniyada nəşr edilən kitabları Kosta-Rikanın kitab mağazalarında hələ tam satılıb qutarmayıb. İkinci, kitablarının hansı ölkədə daha çox satılmağı barədə millətə hesabat verəndə – dünyanın kitabsevər xalqların arasında – ermənlərin də olduğunu, hərdən çaşıb, fəxr ilə dilinə gətirməsin. Bilsin ki, belə şeyin düşər-düşməzi olur. Bir də, Allah xatirinə, özünü PEN-klub prezidenti kimi təqdim edəndə bir az təvazökar olsun. Axı onun PEN-klubu Beynəlxalq PEN-klubun Mərkəzi Ofisi tərəfindən tanınıb təsdiqlənməyib. Belə bir "PEN-klub”la öyünüb, gözə kül üfürməyin nə mənası var? PEN-klubun əsas vəzifəsi yazıçıların hüquqlarını qorumaq, siyasi rejimlərin təqib etdiyi "söz adamlarına” bütün vasitələrlə dayaq olmaqdan, kömək etməkdən ibarətdir. Çinqiz Abdullayevin bu işlərdən hər hansısa birini haçansa icra etdiyini görən olubmu?
- Siz Anarın son hekayəsini bəyəndiyinizi bildirmişdiniz. O da sizin bu mövqeyinizə xüsusi diqqət yetirmişdi, bildirmişdi ki, Əkrəm ilk dəfədir mənim yaradıcılığım haqqında müsbət söz deyir. Amma Anar sizin son hekayənizə münasibət bildirmək istəməyib. Onun bu yanaşması sizə necə təsir etdi?
- Mənim Anara münasibətim həmişə təhrif olunub. Bunun bir səbəbi pressanın ara vurmaqda atəşin ehtirasıdırsa, digər səbəbi Anarın özüdür. Məsələn, Anar gözəl bilir ki, niyə mən "Beş mərtəbəli evin altıncı mərtəbəsi”ni bəyənmirəm və onun illər uzunu AYB-yə rəhbərlik etməsinin əleyhinəyəm. Ancaq Anar bildiyini demir. Özünə sərf eləyəni deyir. Guya mən AYB-ni ona görə tənqid eləyirəm ki, orada "onun yerini” tutmaq istəyirəm və mənim "Beş mərtəbəli evin altıncı mərtəbəsi”ni bəyənməməyimin yeganə səbəbi bu əsərin populyarlığına qısqanmağımdır. Ancaq belə deyil! Və təssüflər olsun ki, bunu bir Anar bilir, bir mən, bir də Allah. Anarın ürəyində çox şey var. Ancaq demir, deməyi lazım bilmir. Bəlkə yazıb saxlayır. Bu, onun öz işidir. Amma mən hər şeyi deyirəm. Ürəyimi heç kəsdən gizlətmirəm. Bizi biri-birimizdən ayıran da elə budur.
"Beş mərtəbəli evin altıncı mərtəbəsi”ni əgər Anar yox, bir başqası yazmış olsaydı, o əsərin barəsində söz deməyi bəlkə mən heç ağlıma da gətirməzdim. Anarın bundan əvvəlki əsərlərini yada salın: "Ağ liman”, "Dantenin yubileyi”, "Macal”, "Əlaqə”, "Uşaqlığın son gecəsi”, "Yaxşı padişahın nağılı”... Ədbiyyatımızda - özünəməxsus - daimi yeri olan belə sanballı-səviyyəli əsərlər yazan bir yazıçının bu məşhur "Beşmərtəbə”sini onun yaradıcılıq uğuru kimi qəbul etmək şəxsən mənim üçün mümkünsüzdür. Məncə, bu əsər Anarın yaradıcılığına təmənnasız hörməti olan hər kəsi narahat etməliydi. Ancaq özünün bu narahatlığını oxucu ilə bölüşdürməyi heç kəs lazım bilmədi. "Azərbaycan” jurnalında, mənim baş redaktor olduğum dövrdə, ilk dəfə işıq üzü görən bu əsərin barəsində mənə mənfi rəy bildirənlər, bu rəyi Anarın özünə bildirməkdən nədənsə ehtiyat elədi. Bizim yazıçılar arasında səmimiyyətə, təəssüf ki, çox nadir hallarda rast gəlmək olur. Bu, bizim ədəbi mühitimizin sağalmaz yarasıdır. Saxtalıq qanımıza-canımıza işləyib. Məni yandıran budur ki, bu saxtalıq Yazıçılar Birliyində indi hər vaxt olduğundan da qat-qat çoxdur. Bu saxtalığın kökünü kəsmək üçün AYB-də ciddi-əsaslı kadr dəyişikliyi olmalıdır. Özlərinin dediyinə görə, bu il AYB-nin qurultayını keçirəcəklər. Anar da yenidən sədr "seçiləcək” və saxtalığa-simasızlığa qarşı 35 il apardığı fədakar mübarizəni hələ bundan sonra da 5 il davam etdirəcək. Əhsən! Təbriklər və uğurlar!
- Politoloq Azər Rəşidoğlu "Facebook"da belə bir status yazmışdı: "Əkrəm Əylislinin "Qızılgülün ünvanı" hekayəsi maraqlıdı. Amma Əkrəm Rüstəm İbrahimbəyovun meyitini də qısqanır. Ümumiyyətlə, Əkrəm aristokrat simalara nifrət edir. Onun üçün dünya Əylisdən ibarətdi. Əkrəm şəhər mədəniyyətinə nifrət edir. Bakını sevmir. Bu şəhər onun "Tanrı olmaq arzusunu" ürəyində qoyub. Amma çox gözəl dili və üslubu var. Hikkəsi imkan vermədi...” Nə düşünürsünüz bu fikirlər haqqında?
- "Facebook"la əlaqəsizəm. Azər Rəşidoğlunu da yaxşı tanımıram. Ancaq onun bu qədər yalanı birnəfəsə demək qabiliyyəti məni əməlli-başlı heyran elədi. Sən hardan bilirsən ki, Rəşidoğlu, mən Bakını sevmirəm? Bunu mən kimə demişəm? Hansı yazımda yazmışam? Axı nəyə görə mən Rüstəm İbrahimbəyovun meytini də qısqanmalıyam? Düzdür, mən dramaturgiya ilə heç vaxt ciddi məşğul olmamışam. Ancaq Moskvada, nasir kimi, Rüstəmdən az tanınmamışam. Mənim nəşr edilən kitablarımın sayı Rüstəmin nəsr kitablarının sayından bəlkə bir neçə dəfə çoxdur.
Düz adam bildiyi şeydən danışar. Bilmədiyindən danışanlar hamılıqla içiboş, qəlbiqara adamlardır. Bu tip qələm adamlarının nadir nüsxələrindən biri də mənim köhnə "xeyirxahım” Rasim Qaracadır. Özünün nə bir şeirini, nə bir hekayəsini bəyənən var. Ancaq hansı əsəri desən, imansız və məsuliyyətsizcəsinə, söyüb-yamanlamağa həmişə hazırdır. Mənə görə, savadsızlıq qorxulu deyil, əzizim Ağa. Qorxulu – yarımçıq savadlılıqdır.
- Tənqidlərdən və Anardan söz düşmüşkən. Mərhum tənqidçi Aydın Məmmədov yazıçı Anarla söhbətində maraqlı bir fikir səsləndirmişdi. Deyir, "Adamlar vә ağaclar" sizin nәslin gücünü dә, gücsüzlüyünü dә özündә cәmlәşdirirdi: "Amma Әkrəm Әylisli sonrakı әsәrlәrindә һәr dәfә bu әsәrdәn gәlәn eyni poetikaya, eyni mövzuya qayıtdıqca, bәzi dönümlәrdә özünü tәkrar elәdikcә artıq ilkin yeniləşmә dә özündәn uzaqlaşmağa başladı...” Aydın müəllimin bu fikirləri ilə nə dərəcədə razısınız? Xüsusilə təkrarçılıq məsləsi ilə bağlı düşüncələriniz maraqlıdır. Maraqlıdır ki, Anar bu söhbətdə sizi müdafiə edir, onunla razılaşmır.
- Aydın Məmmədov elə adamlardan idi ki, onun yazdığı hər söz mənim üçün qiymətliydi. Aydın ədəbiyyatı gözəl bilirdi. Onun savadına, estetik zövqünə, dil duyğusuna söz ola bilməzdi. O illərdə, təxminən 1970-ci illərin axırlarında, mənim xahişimlə, "Azərbaycan” jurnalı üçün bir-iki tərcümə elədi. O tərcümələrin dadı hələ də damağımdadır. Aydının 30-40 il bundan əvvəl yazdığı məqalələr hələ də öz aktuallığını itirməyib. Heyif ki, tez getdi dünyadan. Ədəbiyyatımızın Aydın Məmmədov kimi tənqidçilərə indi o vaxtkından da çox ehtiyacı var.
O vaxtlar da çox tənqid olunmuşam. Ancaq heç vaxt indiki qədər təhrif və təhqir olunmamışam. O vaxt hər kəs dediyinə və yazdığına görə, hər halda, az-çox məsuliyyət daşıyırdı. İndi hər kəs ağzına gələni deyir və ağlına gələni yazır...
- Aydın Məmmədovun sizinlə söhbəti də çox maraqlı və əhəmiyyətlidir. O söhbətdə bir məqam diqqətimi xüsusilə çəkdi. Deyirsiniz ki, bizim әdәbi tәnqid һәlә dә mövzu vә süjet әtrafında vurnuxur: "Ancaq mövzu vә süjet һәlә әsәr demәk deyil. Bәdii әsәr mövzuya tәzә münasibәtdәn yaranır”. Bildiyimə görə, mövzu və süjetə görə sizi də çox tənqid ediblər. Hətta son hekayələriniz də bəzən bu nöqteyi-nəzərdə təndiq olunur.