Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.
Prosesdə qətldə təqsirli bilinən İlkin Süleymanovun qonşusu Şamil Vəliyev dindirilib. O, qonşuluqda mağaza işlətdiyini deyib: “Mənə təzyiqlər oldu. Nərmin itkin olduğu dövrdə məndən tələb etdilər deyim ki, İlkin məndən “pampers” alıb. Dedim ki, axı heç mağazada “pampers” satmıram, necə deyim? Mən İlkini sakit təbiətli biri kimi tanıyırdım. Bu gün də mən bu cinayəti İlkinin törətdiyinə inanmıram. Heç kiminlə işi yox idi. Gündə 3-4 dəfə qapıya çıxıb siqaret çəkərdi, evə girərdi. Bacısı müəllimədir, o evə hazırlığa nə qədər uşaqlar gəlir. Yəni evlərində adam çox olurdu”.
Satıcı hadisə vaxtı mağazanın bağlı olduğunu, qonşu kəndə qayınanasıgilə getdiklərini deyib: “Həmin gün mağazanı bir qədər tez bağlamışdım. Buna baxmayaraq, məni Tovuz Rayon Polis Şöbəsinə aparıb bir də yanvarın 9-da buraxdılar. Yanvarın 7-dən 8-nə keçən gecə İlkinlə eyni kamerada saxlanıldım. Lakin 8-də gecə gəlib İlkini kamerada qandallayıb apardılar. Polis Şöbəsində üç ay məni incitdilər, aparıb-gətiriblər”.
Məhkəmədə Tovuz Rayon Polis Şöbəsinin əməliyyatçıları Turqut Rəhimli, Azər Məmmədov, Post-Patrul Bölüyünün serjantı Vasif İsmayılov da dindirilib. Onlar bildirib ki, yanvarın 10-da Süleymanovun cinayəti törətməsi etirafından sonra onun hadisə yerinə aparılmasında iştirak ediblər. Polislər iddia edib ki, İlkin onlara meyiti yandırması, basdırmasını danışıb.
“Mən baş əməliyyat müvəkkiliyəm, marağıma görə ona sual verdim ki, niyə yandırdın? Dedi ki, ölünü yandırmaq günah deyil, dirini yandırmaq günahdır. Bildirdi ki, itlər axtarış zamanı gəlib tapa bilərdi deyə öz bağımızda basdırmadım, ora atdım. Onu da dedi ki, uşağı kitab vermək adı ilə aldadıb evə gətirib. Sonra bu işin səs-küyü qalxdığına görə qorxusundan buraxmayıb. İlkinin Nərmini oğurlamasının səbəbini soruşmadım”, - deyə Azər Məmmədov ifadə verib.