Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Pravda.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Respublikasının Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məsul nümayəndələri iştirak ediblər.
Aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu iclasda Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planı üzrə ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi işlərinin icra vəziyyəti barədə məlumat verilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyəti (2020-ci il 10 noyabr tarixindən 2022-ci il 14 aprel tarixinədək 8 372.9 ha ərazi təmizlənmiş, 30 572 ədəd mina və PHS aşkar edilmiş, carı ilin 1-14 aprel tarixləri ərzində isə 506.4 ha ərazi təmizlənmiş, 595 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir) barədə məlumat təqdim edilib. Agentliyə daxil olan müraciətlər əsasında bitmiş və hal-hazırda davam edən minatəmizləmə layihələrinə dair müzakirələr aparılıb.
Aprel ayı ərzində Tərtər və Zəngilan rayonları ərazisində 1 nəfər mülki, 1 nəfər hərbiçi olmaqla 2 nəfər mina partlayışından xəsarət alıb.
Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən cari ilin 1-14 aprel tarixləri ərzində MN mühəndis qoşunlarının xüsusi bölmələri tərəfindən Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı və Xocavənd rayonları üzrə 492.06 ha ərazi təmizlənmiş, 71 ədəd PHS aşkar edilmişdir. Təsdiq edilmiş tədbirlər planına əsasən sifariş olunan layihələrdən 19-u artıq yekunlaşıb, 14 layihə üzrə isə işlərin davam etdirildiyi bildirilib. Ümumilikdə, MN tərəfindən 15 026 ha ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi, 17 635 ədəd mina və PHS-in zərərsizləşdirilməsi vurğulanıb. Humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə mexaniki minatəmizləmə maşınlarının sayının artırılması istiqamətində qeyd edilib ki, ayın sonuna qədər 13 ədəd Türkiyə Respublikasının istehsalı olan MEMATT maşınlarının təhvil alınması gözlənilir.