Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov Kəlbəcərin Günəşli kəndində mina aşkarlanması barədə açıqlama verib.
S.Hüseynov deyib ki, səfərdə keçmiş məcburi köçkünlərlə yanaşı Dövlət Komitəsinin və İTV-nin əməkdaşları da iştirak edib:
“Aprelin 16-da bir qrup keçmiş məcburi köçkünün Kəlbəcər rayonuna səfərini təşkil etdik. Səfər zamanı qətliam baş vermiş Tuneldə olduq, ərazidə tədbir keçirdik. Sonra iki yerə bölündük. Səfər iştirakçılarının bir hissəsi Başlıbelə getdi, digər hissəsi isə mətbuat nümayəndələri ilə birgə Günəşli kəndinə yola düşdü. Biz Günəşlidə qəbrisitanlıqda olduq. Orada şəhidlərin qəbirləri ziyarət olundu. Geri qayıdarkan kənd ərazisində bir nəfər xahiş etdi ki, yolumuzun üzərində onun evi var, ora düşmək istəyirdi. Təbii ki, biz ona icazə vermədik. Müdafiə Nazirliyinin minaaxtaranları ilə bir yerdə həmin əraziyə düşdük. Bu zaman əsgərimiz yolumuzun üzərində tank əleyhinə mina aşkarladı. Təhlükəsizliyimiz təmin edildi. Minanı tapan əsgərimiz Mərdəli Aşurov idi. Onun digər əsgər yoldaşları, komandirləri də orada idi. Sonra minanı zərərsizləşdirdilər və olacağı ciddi bir faciənin qarşısını aldılar”.
“Bildiyiniz kimi, 2020-ci ilin noyabrın 10-da imzalanan kapitulyasiya aktından sonra Kəlbəcər rayonu bizə təhvil verilməli idi. Ermənilər əlavə vaxt istədilər. Ölkə rəhbəri də humanizm göstərərək onlara 15 gün əlavə vaxt verdi. Və həmin dövrdə ermənilər evləri yandırdılar, dağıtdılar, oradan çıxarkən ərazini minaladılar.