Dövlət Gömrük Komitəsi onlayn ticarətə nəzarəti gücləndirib. Bu isə öz növbəsində onlayn şifarişlər vasitəsilə ölkəyə daxil olan poçt bağlamalarının sahiblərinə çatdırılmasında gecikmələrə səbəb olur. Dövlət Gömrük Komitəsinin rəsmisi açıqlamasında onlayn sifarişlərə nəzarətin gücləndirilməsinin çox ciddi səbəblərinin olduğunu açıqlayıb.
Son günlər poçt göndərişlərinin, daşıyıcı şirkətlər vasitəsilə xaricdən gətirilən bağlamaların sahiblərinə çatdırılması prosesində gecikmələr müşahidə olunur. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi açıqlama yayıb. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Xəzər Xəbərə bildirilib ki, aparılan təhlillər nəticəsində poçt göndərişləri vasitəsilə narkotik vasitələrin, qanunla qadağan edilmiş məhsulların gömrük sərhədindən keçirilməsinə cəhdlər edildiyindən bu sahədə nəzarət tədbirləri gücləndirilib.