Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.
Pravda.az-ın xəbərinə görə, müşavirədə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafının uğurla davam etdiyini bildirib.
Ə.Əhmədov qeyd edib ki, YAP və onun fəalları qazanılan uğurların cəmiyyətimizdə təbliği baxımından aktiv fəaliyyət göstərir: “Ölkəmizdə ötən ilin dekabrında bələdiyyə, bu il fevral ayının 9-da parlament seçkiləri keçirilib və hər iki seçki partiyamız üçün sınaq oldu. Əslində, hər bir seçki sınaqdır. Bu dəfə isə iki seçki kampaniyasının demək olar ki, üst-üstə düşməsi bu sınağın möhkəmliyini göstərdi. Partiyamızın bütün strukturları bu sınaqdan uğurla çıxdılar. Həm bələdiyyə, həm də parlament seçkiləri kampaniyası Yeni Azərbaycan Partiyası üçün uğurlu oldu”.