Onun haqqında yazılan məqalələrin, xatirələrin, həmkar rəylərinin içərisində diqqəti daha çox cəlb edən ifadə aşağıdakı olub: “Vladimir Rozanov olmasaydı, bəlkə də SSRİ tez bir zamanda dağlacaqdı, ən azı isə bu ölkənin gələcəyi tamam fərqli olacaqdı...”
Maraqlıdır, Rozanov hansı gücə, hansı səlahiyyətə, yaxud da hansı imkanlara malik olub ki, SSRİ-nin taleyinin ondan asılılığı dilə gətirilib?
Əslində o, nə siyasətçi, nə də inqilabçı olub. Rozanov sadəcə, sovet liderlərinin inandığı, güvəndiyi, etibar etdiyi cərrah kimi tarixə düşüb. Öz sahəsində ən böyük xidmətləri isə həm Lenini, həm də Stalini xilas etməyi olub.
Vladimir Rozanov 1872-ci ildə Moskvada anadan olub. Orta təhsilini başa vurduqdan sonra Moskva Dövlət Universitetinin tibb fakültəsində ali təhsil alıb. 1910-cu ildə o, ilk olaraq Moskvada Botkin adına xəstəxanada cərrahiyyə şöbəsini yaradıb və ona rəhbərlik edib.
Siyasi proseslərə maraq göstərməyən Rozanov siyasətçilərdən nə qədər uzaq olmaq istəsə də, peşə fəaliyyətinə görə dövlət məmurları ilə tez-tez üzləşməyə məcbur qalıb. Hətta həkimlərlə ünsiyyətdə olmağı sevməyən Leninin və Stalinin də ona işi düşüb.
1918-ci ilin avqust ayında Lenin sui-qəsd nəticəsində ciddi xəsarət alanda həkimlər onun həyatını xilas edə biliblər. Amma Lenin həmin müalicələr zamanı bədənində qalmış gülləni çıxarmağı həkimlərə icazə verməyib. Bəlkə də o, həkimlərə etibar etməyib. Dörd ildən sonra həmin qəlpə Leninin səhhətində ciddi problemlər yaradıb. Həkimlər qəlpənin bədəndən çıxarılmasını zəruri sayanda Lenin cərrahiyyə əməliyyatının kim tərəfindən keçiriləciyini çox düşünüb. Nəhayət, o, məsələ ilə bağlı öz fikrini məktubla Stalinə də bildirib. Bu günə kimi də arxivdə saxlanılan həmin məktubda aşağıdakılar qeyd edilib: “Əməliyyatım üçün Almaniyadan cərrah Borxardt dəvət olunub. Yoldaş Semaşkonun ( Rusiyanın xalq səhiyyə komissarı) söylədiyinə görə, bizim cərrah Vladimir Rozanov da bu işdə yüksək peşəkardır. Hər halda Semaşko həkimləri yaxşı tanıyır. Belə düşünürəm ki, əməliyyatda hər iki cərrahın iştirakı daha düzgün seçim olar...”
Stalin Leninə düzgün qərar çıxardığını bildirib. Belə ki, hələ bir il öncə, 1921-ci ildə Rozanov Stalinin özünü əməliyyat edib. Düzdür, əvvəlcə Rozanov bu əməliyyatı boynuna götürmək istəməyib.