Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin catış məqsədi olmadan hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə hansı hallarda cərimə, hansı hallarda azadlıqdan məhrumetmə cəzaları tətbiq olunacağı yenidən müəyyənləşib.
Pravda.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
Beləliklə, hazırda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İnzibati Xətalar Məcəlləsinə əsasən isə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.