Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə aprelin 29-da saat 2:50 radələlərində Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, dərhal polis əməkdaşları həmin ünvana gəliblər.
Araşdırma zamanı kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etməsini, kafenin şüşələrini sındırmasını, işçilərdən birinə isə bıçaqla xəsarət yetirərək getməsini bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda həmin şəxsin yeri müəyyənləşdirilib. Saxlanılması üçün ona yaxınlaşdıqda həmin şəxs bıçaqla polis əməkdaşlarına hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib.