“Yerli telekanalların birində bu mövzu ilə bağlı yayımlanan verilişə baxdım. Müəllim özü də orda məsələni təkzib edir. Lənkəran şəhər hüquq mühafizə orqanları bu faktı araşdırır. Fakt təsdiqini taparsa, Lənkəran Dövlət Universiteti tərəfindən Elşad Rəhimova qarşı ən sərt cəza tədbirləri görüləcək. Məlumat üçün də bildirim ki, Elşad müəllim Dövlət Aqrar İnkişaf Mərkəzinin Lənkəran şöbəsinin əməkdaşıdır. Universitetimizdə yarımştat müəllim kimi dərs keçir, yəni əsas müəllimlərdən deyil. Onun dərs dediyi fakültə isə yenidir, 4-5 ildir ki, yaranıb, ixtisas da yenidir”.
Bunu Pravda.az-a Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova ali təhsil müəssisəsinin “Baytarlıq və aqrar fənlər” kafedrasının müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün etdiyi əxlaqsız davranışları əks etdirən videogörüntülərlə bağlı məsələyə münasibət bildirərkən deyib.
E.İsmayılova qeyd edib ki, ümumiyyətlə, bugünədək o müəllimlə bağlı hər hansı bir şikayət daxil olmayıb: “Onun çalışdığı “Baytarlıq və aqrar fənlər” kafedrasının rəhbəri qadındır. Niyə tələbələr belə bir hadisə ilə bağlı qadın müəllimə müraciət etməyiblər ki? Niyə deməyiblər bu barədə? Məsələdə qaranlıq məqamlar çoxdur. Elşad müəllim özü gedib "Space" telekanalına bununla bağlı müsahibə də verib ki, görüntülər saxtadır. İndi hüquq mühafizə orqanları məsələni araşdırır. Bu videonun orjinal, yaxud montaj olması üzə çıxdıqdan sonra universitet qərar verəcək. Fakt tərsdiqini taparsa, o müəllim bir saniyə də olsa universitetimizdə qala bilməz”.