Mobil gücləndiricinin köməyi ilə bağ evində və ya şəhərdən kənarda internetin keyfiyyəti problemini həll etmək mümkündür. Lakin onu quraşdırarkən təhlükəsizlik qaydalarına riayət etmək vacibdir.
Bu barədə Rusiyanın “Yota” telekommunikasiya şirkətinin eksperti Qriqori Lısenko bildirib.
Onun sözlərinə görə, operatorların baza stansiyaları uzaqda yerləşirsə, yaxud müdaxiləyə səbəb olan xarici amillər varsa, simsiz internetin keyfiyyəti və sürəti kifayət qədər yüksək olmaya bilər. Bu problemi həll etmək üçün modemə əlavə olaraq, qəbul edilən siqnalı gücləndirən anten almaq olar.
“Şəhərdən kənarda internetin sürətini və keyfiyyətini artırmaq istəyirsinizsə, o zaman xüsusi antendən (modemə və ya internet mərkəzinə qoşulacaq daşınabilən cihaz) istifadə edə, ya da artıq quraşdırılmış modemi olan xarici anten ala bilərsiniz. Bundan sonra sadəcə SİM kartı qoşub anteni çölə çıxarmaq kifayətdir. İdeal seçim isə zərurət olduqda dirəyə quraşdırıla bilən və baza stansiyasına yönəldilə bilən istiqamətləndirici açıq antendir”, - deyə Lısenko izah edib.