“Seçkiqabağı təşviqat dövründə Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevlə 3 dəfə görüşmüşəm. Mənə münasibəti normal idi. Amma mənə hər hansı dəstək verməyib”.
Sabir Rüstəmxanlı: “Həbs edilən icra başçısı ilə 3 dəfə görüşmüşəm”
Pravda.az-ın xəbərinə görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 61 saylı Neftçala seçki dairəsi üzrə lider namizəd Sabir Rüstəmxanlı deyib.
S.Rüstəmxanlı təşviqat kampaniyasını yüksək səviyyədə keçirdiyini xatırladı: “İcra başçısı mənə kömək etmiş olsaydı, 300 deyil, daha çox səs fərqi ilə qalib gələrdim. Görünən dağa bələdçi lazım deyil... Dövlət Təhlükəsizliyi Xidməti İcra hakimiyyətinin inzibati binasını, icra başçısının otağını izləyib. Hər hansı dəstək olsaydı, oralarda görünərdim. Ən azından hakimiyyət dairələri bundan xəbər tutardı. Rəqiblərim belə bir informasiya yaymışdılar ki, guya 400 min rüşvət vermişəm. Belə bir şey olmayıb. Mən yazıçıyam axı, sonra deyərlər, rüşvət verib, indi də düzgünlükdən danışır. İcra başçısının özünü, ailəsini tanıyırdım. Onun kamera qarşısında o cür durması məni çox ağrıtdı. Bilirsiniz, bu insanlar bizim dövləti təmsil edirlər... İnsanın nəfsi niyə doymur axı. Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib ki, düzgün işləyin. İnsanların maaş kartını cibinə qoyursan, cibini yandırmır? Sən ac ailənin çörəyinə necə göz tikə bilirsən? Bu mübarizə məmurlar acgözlükdən əl çəkənə qədər davam etməlidir. Seçkilərin demokratik keçirilməsinə gəldikdə isə deyə bilərəm ki, 61 saylı Neftçala seçki dairəsində seçkilər tam şəffaf və demokratik keçirilib”.