“Zəngilan rayonunun iqtisadi və coğrafi baxımdan əlverişli potensialı var. Hər iki tərəfdən bir neçə ölkə ilə həmsərhəd olan bu rayon şaxəli resurslara malikdir. Zəngilan rayonunun iki ölkə ilə qonşu dəhlizlərə malik olması buranın xarici ticarət üçün unikal imkanlara sahib olmasına şərait yaradıb. Həmçinin, tranzit cəhətdən də rayonun xüsusi özəlliyi var ki, bu, İran İslam Respublikası ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər. Təsadüfi deyil ki, Zəngilanın Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli qızıl və misdən ibarət olan Vejnəli yatağının zəngin ehtiyatları Ermənistan tərəfindən uzun illər istismar edilib. Erməni işğalçıları tərəfindən mütəmadi olaraq istismar edilən bu yataqlar Ermənistanı keyfiyyətli mineral ehtiyatlar ixrac edən ölkəyə çevirib”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib ki, 30 il boyunca torpaqlar istismar olunub, sərvətlərdən əldə olunan gəlirlə işğalçılar silahlandırılıb: “Eyni zamanda, bu torpaqlardan bəhrələndiklərinə baxmayaraq, böyük dağıntılar törədiblər. Bu da ondan xəbər verir ki, Ermənistan onlara aid olmayan torpaqlarda tikib qurmağın və yaratmağın mənasız olduğunu yaxşı başa düşür. Onlar işğalı uzatmaqla təbii sərvətlərimizi çapıb talamağın ömrünü də uzatmağa çalışırdılar. Lakin bu, baş tutmadı. Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işlərinə artıq başlanılıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Nəzərə almaq lazımdır ki, bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş digər torpaqlarda da mövcuddur. Bu gün Zəngilan rayonunda böyük infrastruktur layihələr icra edilir. Onların arasında ən vacibi Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Həmçinin, bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək. Bu aeroportun çox böyük funksiyaları olacaq. Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etdirilməsi qarşıya qoyulmuş əsas məsələlərdən biridir. Rayonun əlverişli mövqedə yerləşməsi, beynəlxalq bazarlara yaxın olması bunu təmin edəcək başlıca amillərdəndir. Zəngilan rayonunun sahib olduğu böyük təbii sərvətlər onu böyük turizm məkanına çevirəcək”.
Nəzrin Cavid