“Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 il boyunca erməni işğalı altında qalmış torpaqlarımız azad edilib. Müharibə başa çatdıqdan dərhal sonra yenidənqurma və bərpa işlərinə başlanılıb. Həmin ərazilərdə ilk növbədə təhlükəsizlik təmin edilir, minalardan təmizləmə prosesi gedir, eyni zamanda, böyük quruculuq işləri həyata keçirilir. Dünya tarixində heç bir ölkədə müharibələrdən sonra belə sürətlə, bu qədər nəhəng masştablı işlər görülməyib. Azərbaycan dövləti bütün bu işləri öz gücünə, təkbaşına həyata keçirir və görülən işlərə Prezident İlham Əliyev şəxsən nəzarət edir. Əfsuslar olsun ki, müəyyən dairələr Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəyə, eləcə də post-münaqişə dövründə əldə etdiyimiz nailiyyətlərə kölgə salmaq cəhdləri edirlər”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, həmin anti-milli qüvvələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən, tarixdə misli görünməmiş yenidənqurma və bərpa işlərinə qara yaxmaq istəyirlər: “Ona görə də cəfəng fikirlər səsləndirirlər ki, guya tenderlər şəffaf keçirilmir, şirkətlərin adları məlum deyil və s. Həmin qaragüruh qüvvələr bununla Vətən müharibəsində olduğu kimi, indi də yenidənqurma və bərpa prosesinə kölgə salmağa çalışırlar. Belə dairələr, əlbəttə, düşməndən qidalanaraq Azərbaycanın reallaşdırdığı işləri gözdən salmaq niyyətindədirlər. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə cəmi bir il yarım ərzində yüz kilometrlərlə avtomobil yolları salınıb, müasir standartlara uyğun Füzuli Beynəlxalq Hava Limanı istismara verilib, Zəngilanda “ağıllı kənd” pilot layihələri reallaşdırılıb, yüksək gərginlikli elektrik enerjisinin təminatı, bərpa olunan enerji mənbələrindən istifadə, təbii qaz və içməli su təminatı istiqamətində ciddi tədbirlər həyata keçirilib. Eyni zamanda, mədəni tarixi və dini abidələrin bərpası və yenidənqurması ilə bağlı nəhəng işlər görülüb. Görünür, müəyyən dairələr bizim uğurlarımızdan ciddi narahatlıq keçirirlər. Onların saxta iddialarla şəffaf şəkildə həyata keçirilən nəhəng işlərə kölgə salmaq cəhdləri isə boş və mənasızdır. Belə qüvvələrin kimlərə xidmət etdiyini çox yaxşı bilirik”.
Nəzrin Cavid