Azərbaycanda ictimai və dövlət maraqlarının təmin olunması prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, bugünkü Azərbaycan sosiumu intellektual prinsiplər əsasında formalaşmış müasir cəmiyyət kimi xarakterizə olunur. Yəni, modern Azərbaycan insanı ictimai və dövlət maraqlarının mahiyyətini dərk edir, bu istiqamətdə vətəndaş mövqeyini qoruyur. Ölkənin uğurlu daxili və xarici siyasəti nəticəsində, ictimai, dövlət və milli maraqlarımız təmin edilir.
Mövzu ilə bağlı Pravda.az-a danışan politoloq Qabil Hüseynli ictimai və dövlət maraqlarının əsas mahiyyəti barədə məlumat verib.

Politoloq qeyd edib ki, ictimai və dövlət maraqları bir-birilə vəhdət təşkil edir: "Bəlli bir toplumun qurub ərsəyə gətirdiyi dövlətin milli maraqlarının müdafiəsi prioritetdir. Dövlət maraqları bütün digər maraqlardan üstündür, çünki belə maraqların müdafiəsi bir dövlətin mövcudluğu və yaşaması üçün vacib əhəmiyyətə malikdir. İctimai maraqlar isə ayrı-ayrı fərdlərə, toplum və ya sosial qruplara məxsus olan maraqlar sistemidir. Ona görə də ictimai maraqların spektri dövlət marağına nisbətən daha kiçik və konkret şəxsiyyətə yönəlikdir. Bu, onu deməyə əsas verir ki, ictimai və dövlət maraqları bir-birilə nə qədər sıx bağlı olsalar da, dövlət maraqları daha ali və üstündür. Bu nöqteyi-nəzərdən dövlət maraqları cəmiyyətin ən ali duyğu və istəklərini özündə ehtiva edir. Onu da qeyd etmək lazımdır ki, vətəndaşın ictimai maraqları təmin edilən cəmiyyət üzvünə çevrilməsi üçün onun dövlət maraqlarının qorunduğu proseslərdən məmnunluğu vacibdir.
- İctimai və dövlət maraqlarının qorunmasında vətəndaşın rolu nədən ibarətdir?
- Vətəndaşın əsas vəzifələrindən biri də dövlət maraqlarını müdafiə etməkdir. Unutmaq olmaz ki, həmin maraqların qorunmadığı bir dövlətin mövcudluğu, ümumiyyətlə, sual altındadır. Ona görə də vətəndaş dövlət maraqlarının müdafiəsinin keşiyində dayanaraq daim mübarizə aparmalıdır. Bunlar müxtəlif situasiyalarda fərqli formalarda təzahür edir. İnsan o zaman əsl vətəndaş hesab edilir ki, dövlət maraqlarını qorumaq üçün istənilən riskə gedir və bütün tapşırıqları həyata keçirir. Vətəndaşın mövqeyi dövlət maraqları ilə üst-üstə düşməlidir. Cəmiyyətin mütərəqqi inkişafına nail olmaq üçün vətəndaş dövlət maraqlarının qorunmasında əsas obraz kimi çıxış etməlidir.
- Azərbaycan vətəndaşının ictimai və dövlət maraqlarının qorunmasında rolunu necə qiymətləndirmək olar?
- Azərbaycan vətəndaşının milli maraqların qorunmasıdakı rolunu danmaq olmaz. Lakin təbii olaraq, bu mənada həm mənfi, həm də müsbət nümunələr mövcuddur. Əlbəttə ki, inkişaf etmiş, yüksək dünyagörüşünə, o cümlədən mənəviyyata sahib, vətənpərvər və dövlətçiliyi hər şeydən üstün tutan vətəndaşlar dövlət maraqlarının əsas təminatçısıdırlar. İkinci Qarabağ müharibəsi Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin dövlət maraqlarının müdafiəsi naminə hər şeyə hazır olduqlarını bir daha təsdiq etdi. Vətəndaşlarımız Vətən müharibəsində qazi, şəhid oldular, oğlunu, qardaşını şəhidliyə yola salan ana, ata, bacı oldular. Modern Azərbaycan insanı ictimai və dövlət maraqlarının müdafiəsi üçün əlindən gələni edir. İstisnalar isə, təəssüf ki, mövcuddur. “Ortada yeyib, kənarda gəzənlər”, “gözə kül üfürənlər” həmişə var. Eyni zamanda, dövlət maraqlarının qorunmasında xidməti olmayan, şəxsi maraqlarını hər zaman hər şeydən üstün tutanlar da çoxdur. Yəni, cəmiyyət belə adamlardan da hali deyil. Cəmiyyətə ziyan vuran, ictimai və dövlət maraqlarının müdafisəini bir sıra hallarda təhlükəyə atan belələri ilə gələcəkdə, ən azından, daha az rastlaşmaq üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, azərbaycançılıq ideologiyasının güclü təbliği vacibdir. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində də qazanılmış Zəfər nəticəsində torpaqlarımızın erməni vandallarının işğalından azad edilməsi, hazırda həmin ərazilərdə intensiv bərpa və quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkün və qaçqınların “Böyük Qayıdış”ın astanasında olması kimi faktorlar ölkədə ictimai və dövlət maraqlarının bir-birini tamamlamasından xəbər verir.
- Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunmasını qənaətbəxş hesab etmək olarmı?
- Azərbaycanın həm daxili, həm də xarici siyasəti vətəndaş təhlükəsizliyinin, yəni milli maraqların qorunmasına xidmət edir. Hazırda müstəqil siyasət yürüdən Azərbaycan dövləti xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi və humanitar müttəfiqlərini seçərkən ictimai və dövlət maraqlarını hər şeydən üstün tutur. Azərbaycan xarici qüvvələrin diktəsinə məhəl qoymur, milli maraqlarının müdafiəsinə istiqamətlənmiş münasibətləri yaxşılaşdırmaq yolunda addımlayır. Prezident İlham Əliyevin liderliyi ilə uğurla həyata keçirilən daxili və xarici siyasət kursu çoxşaxəli inkişafı və sabitliyi təmin edib. Sözsüz ki, dövlət vətəndaşının fəal olmasına və onun dövlətin problemlərinin həlli üçün istənilən an səfərbər olmağı bacarmasına hər zaman çalışmalıdır. Fikrimcə, Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunmasını əsasən qənaətbəxş hesab etmək olar. Ölkə Prezidenti bu mənada Azərbaycan vətəndaşlarına əsl nümunədir. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi ictimai və dövlət maraqlarının diplomatiya sahəsində qorunmasını təmin edə bilib.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.
Nəzrin Cavid
