“Masa, davranış, dinləmə mədəniyyəti və s. olduğu kimi, yol mədəniyyəti də tərbiyəyə bağlı davranış göstəricisidir. Bu, elə bir məsələdir ki, şəhərə zibil atmaq, yerə tüpürmək kimi adətlər sıfıra ensə, (qeyd edilənlər əsasən yaşlı nəslə aiddir) bu zaman bəlkə yol mədəniyyəti də inkişaf etmiş olar”.
Bunu Pravda.az-a avtomobil idarə edən qadınlara kişilərin mane olması, söz atması kimi halları şərh edən psixoloq Samirə Bağırova deyib.
“İstər xanım sürücü olsun, istərsə də bəy, avtomobilə sahib olduqları zaman ilk növbədə təmkinli olmağı öyrənməlidirlər. Şəhərimiz kiçik, maşınların sayı isə çoxdur və bu azmış kimi şəhərdə digərləri üçün təhlükə törədən, təcrübəsi çox az, yaxud da “yox” dərəcəsində olan sürücülər-kamikadzelər var. Deməzdim ki, təcrübəsiz sürücülər içərisində xanımlar çoxluq təşkil edir, onların arasında yetəri qədər təcrübəsiz bəy sürücülər də var. Amma məsələyə psixoloji aspektdən yanaşsaq, avtomobil idarə edərkən təhlükə anında qadınların reaksiyası kişilərə nisbətən daha zəif olur. Qadınlar maşını kişilərə nisbətdə daha səbirlə idarə edə bilərlər, ancaq qərar vermə qabiliyyətinə gəldikdə, onlar nadir hallarda təhlükəli məqamda ani reaksiya ilə vəziyyətdən yayına bilirlər. Kişilər naviqasiyaya, yollara, ünvanlara daha rahat fokuslanıb, yadda saxlayır və bununla da qəzadan yayına bilirlər. Qadınlara gəldikdə isə, qəza ehtimalı yarandığı anda onlarda ani qərarvermə qabiliyyəti itir, kişilərdə isə əksinə işə düşür. Bəylər maşına sahib olduqları zaman onun sürətini, döngələrdəki dözümlülüyünü maşına aid hər bir nüansı testdən keçirir. Xanımlar isə avtomobildə ən çox salon detallarına diqqət edirlər. Ümumiyyətlə, kişilərin idarəetmə instinkti doğuşdan təbiətlərindən irəli gəlir. Yəni oğlan uşaqlarının uşaqlıqdan maşın oyuncaqları ilə qız uşaqlarının isə gəlinciklə oynadığı məsələsi kimi...”