“Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə davamlı olaraq səfərə gedir, orada həyata keçirilən tikinti-quruculuq işləri ilə yerindəcə tanış olur və tapşırıqlarını verir. Ölkə başçısı tərəfindən həmin ərazilərdə həyata keçirilən proseslərin analoqu yoxdur. Dünya təcrübəsi də sübut edir ki, müharibədən çıxmış ölkələrə bir qayda olaraq kənardan dəstək olunur, amma Azərbaycan heç bir kənar dəstək almadan, yalnız öz resursları hesabına ərazilərin yenidən qurulması ilə sürətli şəkildə məşğul olur. Ölkə Prezidenti Füzuli və Şuşaya səfərlərində təməlqoyma mərasimlərində iştirak etdi. O, Şuşada növbəti dəfə bəyan etdi ki, Azərbaycan öz torpaqlarının əbədi sahibidir. Prezident İlham Əliyev qeyd etdi ki, Şuşanın işğaldan azad edilməsi həm Ümumilli lider Heydər Əliyevin, həm də bu günü görə bilməyən çoxsaylı soydaşlarımızın ruhunu şad edir. Prezident, həmçinin, vurğuladı ki, o, 2003-cü ildə Azərbaycan xalqı ona etimad göstərərkən Heydər Əliyev strategiyasına, Ulu öndərin irsinə sadiq qalacağına söz verib, and içmişdi. Həqiqətən də Ulu öndərin strategiyası bugünkü qələbəmizi şərtləndirən başlıca amil oldu”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.
