"Mayın 10-da Prezident İlham Əliyev Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya növbəti dəfə səfər etdi. Ölkə başçısının abadlıq işlərilə yaxından maraqlanması Qarabağda quruculuğu daha da sürətləndirir. Şuşa işğaldan azad olunmuş digər rayonlara nisbətən daha az dağıntıya məruz qalıb. Burada sırf Azərbaycan tarixi abidələri və məkanları vandalizmin qurbanı olub. Bu, bizim Şuşadakı izlərimizin silinməsi məqsədilə həyata keçirilib. Lakin ermənilər nə qədər çalışsalar da, Şuşanı erməni şəhəri kimi təqdim edə bilməyiblər. Ermənistan hakimiyyəti Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün plan hazırlasa da, Azərbaycanın şanlı ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın həmin arzusunu reallaşmasına imkan verməyib".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib ki, Ermənistan Şuşada yeni erməni ibtidai məktəbi tikdirmək və XIX əsrin əvvəllərində inşa edilmiş Şuşa real məktəbini təmir etdirib onu "Marinay" adına gimnaziya adlandıraraq istifadəyə verməyi düşünürdülər: "Bu gün Şuşa real məktəbi bərpa olunur. Azərbaycan hökuməti tərəfindən yenidən qurulan həmin təhsil müəssisəsi Azərbaycan təhsil həyatına mühüm töhfələr verəcək. Nəzərə almaq lazımdır ki, bu məktəb əvvəlki dövrlərdə də regionda parlaq şəxsiyyətlərin yetişməsində mühüm rol oynayıb. Ermənilərin Qarabağın gələcəyi üçün olan bütün "plan"ları xəyal olaraq qaldı, tarixi ədalət bərpa olundu və haqq yerini tapdı. Bu gün Qarabağın incisi olan Şuşa Azərbaycan torpağı kimi bərpa olunur. Dövlətimiz öz doğma el-obasında abadlıq-quruculuq işlərini sürətli şəkildə davam etdirir. İşğaldan azad edilən Şuşamızda böyük işlər həyata keçirilir və bu, Şuşa şəhərinin baş planı əsasında reallaşır. Sözsüz ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Əminəm ki, görülən işlər nəticəsində Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək".
Nəzrin Cavid