“Azərbaycanda keçirilən valyuta hərraclarına təəssüf ki, tam etimad etmək olmur. Yəni dollara tələbat əvvəlki aylarda da olub. Ümumiyyətlə, son aylarda Mərkəzi Bank banklara kifayət qədər dollar satmırdı. Qeyri-rəsmi şəkildə banklara bildirilirdi ki, xüsusi tələb verməyin, hərracda miqdar bu qədər olacaq. Sonra da süni yolla da göstərirdilər ki, guya ölkədə dollara tələbat yoxdur və ona olan təlabat tam təmin olunur...”
Bunu Pravda.az-a ekspert Əkrəm Həsənov bildirib.
“Bu yaxınlarda belə bir söhbət çıxmışdı ki, banklar vətəndaşlardan xarici valyutanı, yəni dolları Mərkəzi Bankın kursu, yəni 1.70 AZN ilə almağa başlayıb. Əgər banklar böyük məbləği dollarla Mərkəzi Bankdan 1.70 AZN ilə birdəfəlik ala bilərlərsə, niyə gedib vətəndaşlardan bu qiymətə dollar alsınlar ki? Yəni banklar vətəndaşlardan dolları daha ucuz 1.68, 1.69 AZN məzənnə ilə ala bildiyi halda 1.70 AZN ilə niyə alırdılar ki? Səbəb isə bu idi ki Mərkəzi Bank yetəri qədər dollar satmırdı, “Hərracda kim nə qədər istədi, o qədər də verdim” deyirdi. Hərraclardakı rəqəmlər yumşaq desək, süni idi. İndi ola bilsin ki, Mərkəzi Bankın yeni rəhbərliyi buna yol vermir. Buna görə də birdən-birə görünür ki, dollara olan tələbat artıb. Tələbat həmişə olub, sadəcə, son aylarda baş verənlərə görə “qara bazar”a da müəyyən yol açılmışdı. Qara bazar fəallaşmışdı, bu xüsusən də şirkətlərin banklardan kifayət qədər dollar ala bilməməsi ilə bağlı idi, çünki banklarda dollar yox idi. Mərkəzi Bank, demək olar, ancaq böyük bankları dollarla təmin edirdi. Bu baxımdan vurğulamalıyıq ki, təəssüf ki, Azərbaycanda sözün əsl mənasında, bazar iqtisadiyyatı yoxdur. Ona görə də keçirilən bu hərracların özləri də real hərrac deyil. Yəni bu hərraclara etimad etmək olmur. Doğrudanmı ölkədə dollara olan tələbat bu qədərdir?! Yenə də qeyd edirəm ki, bu hal şirkətlərin gedib “qara bazar”dan daha yüksək məzənnə ilə dollar almasına səbəb olub. “Qara bazar” isə rəsmi yolla alışın mümkün olmadığı yerdə olur. Son vaxtlar vəziyyət müəyyən qədər düzəlib. Ümumiyyətlə isə, qeyd etmək lazımdır ki, dünyada neftin qiymətinin yüksək olması Azərbaycanın dollarla gəlirlərinin çoxalmasına, valyuta ehtiyatlarının isə sürətlə artmasına səbəb olur” – Ə.Həsənov qeyd edib.
Leyla