Yeni Milli Məclisin iclası yaxın bir həftə ərzində keçiriləcək.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası fevralın 25-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərə yekun vurub və ümumi yekunlara dair protokolu tərtib edib. Sonra isə yekun sənədi hüquqi qüvvəyə minməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Konstitusiya Məhkəməsinə daxil olub.
Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək. Gözlənilir ki, Konstitusiya Məhkəməsi sabah iki dairənin nəticəsini ləğv etsin.
Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
Hazırda MSK-nın elan etdiyi nəticələrin mövcud reallıqları nə dərəcədə əks etdirib-etdirmədiyi, eləcə də Konstitusiya Məhkəməsinin rəyinin necə olacağı ekspert dairələrində ciddi müzakirə mövzusudur. Konstitusiya Məhkəməsinin qərarının fərqli ola biləcəyini, bəzi dairələrdə nəticələrin ləğv edilə biləcəyini də, MSK-nın elan etdiyi yekun rəyin olduğu kimi saxlanacağını da düşünənlər az deyil. Bəzi siyasi ekspertlər iddia edir ki, Konstitusiya Məhkəməsi seçki pozuntuları ilə bağlı daha çox şikayət və narazılıqların olduğu dairələrdən birində və ya ikisində seçkinin nəticələrini etibarsız sayacaq, digər dairələrdə seçkinin nəticələrini təsdiq edəcək. Hansısa bir-iki dairədə nəticələr ləğv edilsə belə, bu, bütövlükdə ölkə üzrə seçkinin nəticələrinə təsir etməyəcək. Onu da bildirək ki, indiyə qədər heç bir seçki ilə bağlı Konstitusiya Məhkəməsinin tarixində nəticələri ləğv etmək təcrübəsi olmayıb.
Xatırladaq ki, fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 4 seçki dairəsinin nəticələri MSK tərəfindən etibarsız sayılıb. Bu dairələr 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.