Azərbaycan cəmiyyətinin inkişafının təməlini azərbaycançılıq məfkurəsi təşkil edir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirir və azərbaycanlı anlayışının mahiyyətini müəyyən edir. Sözsüz ki, müasir dünyada sivilizasiyalararası münaqişə və müharibələr fonunda azərbaycançılıq ideologiyasının alternativi yoxdur. Azərbaycançılıq cəmiyyətin ali inkişaf mərhələsinə qədəm qoyması, dövlət müstəqilliyinin qorunması və milli təhlükəsizliyin təmin olunması baxımından ən uyğun ideologiyadır.
Mövzu ilə bağlı Pravda.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, azərbaycançılıq dövlət müstəqilliyini və milli təhlükəsizliyin qorunmasını strateji məqsəd kimi müəyyən edən Azərbaycan xalqının vahid ideologiyasıdır.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı həmin ideologiya ətrafında sıx birləşib və tarixin bütün dövrlərində milli və mənəvi dəyərlərini qoruyub saxlaya bilib: “Azərbaycançılıq ideologiyası dövlətimiz əleyhinə yönəlmiş anti-milli qüvvələrlə mübarizədə ən güclü silahımızdır. Ölkədə azərbaycançılıq məfkurəsinin təbliğində Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın rolu əvəzsizdir. Azərbaycançılıq dövlətin milli ideologiyasıdır. Milli ideologiyamız ölkədə hüquqi və sosial dövlət quruculuğunun inkişafına xidmət edir. Bu xidmətdə biz də vətəndaş borcumuzu yerinə yetirməliyik. Burada Ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi fikirlərə diqqət çəkmək yerinə düşər. Ulu öndər qeyd etmişdi ki, hər bir azərbaycanlı azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır.
- Azərbaycançılıq ideologiyası dedikdə nə başa düşülür?
- Azərbaycançılıq ideologiyası dedikdə ölkə daxilində, eləcə də xaricdə yaşayan müxtəlif xalqların, millətlərin və dinlərin nümayəndələrinin bir çətir altında, vahid təfəkkür və vahid ideologiya ətrafında toplaşması başa düşülür. Diqqət etsək, görərik ki, ölkədə xeyli sayda millətlərin nümayəndələri, fərqli dinlərə mənsub insanlar azərbaycançılıq idealogiyası ətrafında birləşiblər. Həmrəylik azərbaycançılıq təfəkkürünün formalaşması üçün vacib faktordur. Burada Azərbaycanda yaşayan xalqların adət-ənənəsi, dili, dini və mənəvi dəyərlərinin qorunması nəzərdə tutulur. Ölkədə həmin ideologiyanın qorunması və təbliği uğurla icra edilir. Əlbəttə ki, dövlət də azərbaycançılıq ideyasının geniş təbliğində maraqlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını dövlətçiliyimizin ideoloji əsası hesab edir. Prezident qeyd edib ki, “bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
