Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vilayət Məmmədovun məhkəmə ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, mərhum Aliyə Məmmədova onun arvadı olub, onunla birgə nikahlarından iki uşağ var:
“Təxminən 2 il olardı ki, Aliyə ilə münasibətlərimiz soyuqlaşdı. Onun mənə qarşı soyuqluğunun nə üçün olduğunu bilmirdim. Aliyənin anası Yeganə öz ərinə xəyanət edib. Buna görə də arvadıma anası Yeganə ilə telefon vasitəsilə danışmağı qadağan etmişdim. Lakin Aliyəni evə gələndə bir neçə dəfə anası ilə telefonla danışanda gördüm. Evdə bir telefon vardı. Həmin telefondan da oğlum və arvadım istifadə edirdi. Mən Aliyənin başqa mobil telefon işlətməsindən şübhələndim. Lakin bu barədə dəqiq bir fikrim olmamışdır.
13 oktyabr 2021-ci il tarixdə evə gələn vaxt Aliyə yatağa nəsə qoydu və həmin an o, həyəcanlı idi. Mən arvadımdan onun nə olduğunu soruşdum. Aliyə əvvəl heç nə olmadığını söylədi. Lakin daha sonra telefon “adapter”i olduğunu, qardaşına aldığını dedi. Mən də Aliyəyə əsəbiləşərək onun üz nahiyəsinə şillə vurdum. Daha sonra evi axtarmağa başladım. Həmin vaxt Aliyə evdən çıxaraq qaçıb getdi. Arvadımın evdən çıxıb getməsi barədə onun atasına məlumat verdim və birlikdə polis idarəsinə getdik. Aliyə ora gəldikdən sonra barəmdə polis bölməsinə şikayət etdi. Bununla bağlı ora gedərək izahat verdim. Aliyə həmin vaxtdan atasının evinə gedərək orada yaşamağa başladı.
19 oktyabr 2021-ci il tarixdə Aliyənin atasının evinə getdim. Onu qardaşım Zamanın evinə apardım. Bir neçə gün orada qaldıq. 21 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Aliyəni götürüb onunla birlikdə əvvəl Sahil qəsəbəsində yerləşən məscidə getdik. Aliyə məsciddə olarkən bir daha anası ilə danışmayacağını deyərək and içdi. Daha sonra arvadıma evə gedərək əşyalarını yığmağı və bir müddətlik Sahil qəsəbəsindən getməyimizi dedim. Birlikdə yaşadığımız evə gəldik”.