Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Pravda az-ın xəbərinə görə, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü, 20.5-ci və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının Baş prokuroru K.Əliyevin və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssislər Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri X.Məmmədovun, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini A.Kərimovun mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.