Tahir Kərimli: “Türkiyəni su yoluna döndərənlər, bircə dəfə bura gəlməyimi burnumdan tökdülər” - VİDEO
1 630
Paylaş:
“Bir neçə gün öncə, sosial şəbəkə vasitəsilə kiçik video yayımlamaqla İstanbuldan Azərbaycana salamlarımı göndərdim. Bundan sonra sanki böyük qəbahət etmişəmmiş kimi, bir sıra xəbər portalları pis-pis başlıqlar qoymaqla həmin videonu tirajladılar. Artıq bir informasiya agentiliyi, iki xəbər saytının rəhbərliyi üzrxahlıq edərək bildirdi ki, mənim haqqımda mənfi xarakterli yazılar dərc etməyə onları məcbur ediblər. Bu tapşırığın haradan gəldiyi də məlumdur”.
Pravda.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, ona qarşı belə mövqe təkcə bir neçə gün öncə yaydığı video ilə bağlı deyil: “Saytlardan birinə verdiyim açıqlamada azərbaycanlı iş adamı Mübariz Mənsimov haqqında müsbət sözlər söylədim. Mübariz Mənsimov dövlətimizə, Prezidentimizin siyasətinə qarşı olsaydı, bunu qətiyyətlə pisləyərdim. Lakin bu haqda məlumatım yoxdur. Ancaq onu bilirəm ki, çoxlu haram pullar yeyərək, yüksək vəzifədə çalışan insanlar var ki, Mübariz Mənsimovla düşməndir, intriqa aparırlar. Qoy, bu adamlar öz intriqalarını mənə aid etməsinlər. Məni bu cür təhqir etdirməsinlər”.
Deputat Prezident İlham Əliyevin 60 illik yubiliyi ilə bağlı etdiyi müraciəti xatırladıb: “Həmin müraciətdə Cənab Prezidentə xitabən bildirdim ki, Azərbaycanın inkişafının qarşısını kəsən korrupsionerlər, inhisarçılar, qiymət artıranlar yeddi başlı əjdəha kimidir. Sən bu əjdəhaların başını kəs, Məlikməmməd nağılında olduğu kimi xalq lələyi yandırıb arxanda olacaq. Bu çıxışımdan sonra həmin insanlar qapımın önünə əjdaha fiquru qoyaraq məni ölümlə hədələmişdilər. O zaman da xalqa müraciət etdim. Lakin həmin müaricətim də xəbər portallarında konteksdən kənar başlıqalarla tirajlandı. Nəticədə xalqa müraciətim bir kənarda qaldı, sanki mən bir tamaşa düzəltmişəm, o əjdahanı da özüm ora qoymuşam təsəvvürü yaradıldı. Məni aşağılamaqdan ötrü bu cür faktlardan istifadə etdilər”.
“Keçən il Türkiyəyə gəlib, şəhid generalımız Polad Həşimovun adını daşıyan park və küçənin açılışını etməli idim. Lakin mənə icazə verilmədi. Son 7 ildə cəmi bircə dəfə rəsmi səfərdən başqa xarici ölkədə olmamışam. 20 ildir ki, İstanbulu görmürəm. Ona görə də fürsətdən istifadə edib həm İstanbulu görmək, həm müalicə almaq məqsədilə bura gəldim. Burada bir sıra rəsmi görüşlər keçirib, müqəddəs yerləri də ziyarət etmişəm. Mən Azərbaycanda da həkim müayinəsinə gedəndə növbələrdə dayanmışam, heç vaxt VİP xidmətdən yararlanmamışam. Təəssüf ki, haram yeyənlər, milyonlarla pul xərcləyənlər, Türkiyəni su yoluna döndərənlər, bircə dəfə bura gəlməyimi burnumdan tökdülər. Çünki sizi inandıra bildilər, əziz xalqım. Siz mətni oxumadan, sərlövhəyə baxaraq məni çoxlu təhqir etmisiz. Ömrü özüm verməmişəm ki, özüm də alam. Bəlkə heç bir də İstanbulu görməyə fürsətim olmadı. Buradan Azərbaycana salamlarımı çatdıraraq heç bir qəbahət iş görməmişəm” – T.Kərimli əlavə edib.