“Bəzi dairələr öyrəşiblər ki, Azərbaycan kimi kiçik müsəlman ölkələri onların vassalı olsun və özlərinin dedikləri ilə oturub-dursunlar. Ölkəmizdə bu gün milli sərvətlərimizə xalqın sahib olması, torpaqlarımızı öz gücümüzlə azad etməyimiz və işğaldan azad olunmuş əraziləri heç kimin yardımı olmadan öz gücümüzlə bərpa etməyimiz çoxunun xoşuna gəlmir. Onlar istəyirlər ki, ölkəmizdə qeyri-sabitlik yaransın və milli sərvətlərimizi sovurub aparsınlar. Ona görə də müəyyən radikal qruplar maliyyələşdirilir və dövlətə qarşı aksiyalar keçirməkdə həvəsləndirilirlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında deputat Azər Badamov deyib.
O qeyd edib ki, dünyada ikili standartlar davam edir və bu, Qərb üçün birinci və ikinci dərəcəli ölkələrin olduğunu onu göstərir: “Təəssüf ki, ikili standartlara ən çox məruz qalan ölkələrdən biri Azərbaycandır. Bunun da bir neçə səbəbi var. Ən böyük səbəb ölkəmizin siyasi və iqtisadi baxımdan müstəqil siyasət yürütməsidir. Amma onu da yaddan çıxartmasınlar ki, Azərbaycanda xalq dövlət başçısının siyasi kursunu dəstəkləyir, onların həvəslə təşkil etdikləri qanunsuz aksiyalara qoşulanların sayı da çox az olur. Hətta aksiyada LGBT-nin bayrağı qaldırıldı və bizim milli-mənəvi dəyərlərimizə zidd, əxlaq normalarımıza uyğun olmayan qlobalistlər də aksiyada şüarlar səsləndirdilər”.
A.Badamov bildirib ki, Qərbin bəzi dairələrinin belə aksiyaçıları dəstəkləməsi ölkədə təmin olunmuş siyasi sabitliyin pozulmasına istiqamətlənmiş plandır: “Hətta insan hüquq və azadlıqlarının pozulması məsələləri də qabardılır. Yaratdığımız yeni reallıqda bölgəyə uzun müddətli sabitliyin gəlməsinə şans yarandığı bir zamanda Ermənistanda da müəyyən dairələrin təşkilatçılığı ilə planlaşdırılmış mitinqlər keçirilir. Təbii ki, bunlar bir-biri ilə bağlı məsələlərdir. Yəni Cənubi Qafqazda sülh yaranmasın, ölkələrarası ədavət həmişəlik davam etsin və öz niyyətlərinə nail olsunlar. Əvvəlcə onu qeyd edim ki, yeni reallığı döyüş meydanında yaratmışıq və bundan sonra tənzimlənəcək münasibətlər Azərbaycanın iradəsinə uyğun həyata keçəcək. Bunun alternativi yoxdur. İkincisi, Azərbaycandakı daxili sabitliyi heç kim poza bilməz. Ona görə ki, Müzəffər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə formalaşmış xalq-iqtidar birliyini dağıtmağa heç kimin gücü çatmaz. Azərbaycan vətəndaşı 1990-cı illərin əvvəlinə qayıtmaq istəmir. Bu gün xalqımız kimin nə istədiyini çox yaxşı dərk edir. Xalqımız xarici dairələrin belə ucuz davranışlarını qınayır və cənab Prezidentin rəhbərliyi altında ölkəmizin daha güclənməyinin tərəfindədir”.
Aytəkin Qardaşova