“Jurnalistlərdən jurnalistlərə şikayətim var. Gəlirlər, suallar verirlər. Sən də fikirlərini bildirməyi özünə borc bilirsən və maksimum dərəcədə çalışırsan ki, iki daş arasında vaxt tapıb, kamera qarşısında 5 -10 dəqiqə (bəzən daha çox) danışırsan. Mövcud statistik durumu deyirsən, informasiya yüklü fikirlər söyləyirsən, müsbət tərəfləri deyirsən, mənfi tərəfləri bildirirsən, ehtimal etdiyin proqnozu və təkliflərini səsləndirirsən. Amma veriliş efirə gedəndə görürsən ki, sənin 10 dəqiqəlik fikirlərin arasından cəmi mənasız 30 saniyəni veriblər. Başa düşürəm, televiziyanın qaydasıdır ki, sinxron 30 saniyədən çox verilə bilməz. Tamam. O zaman heç olmazsa, daha informasiya yüklü, proqnoz xarakterli 30 saniyəni sinxron seçmək olar, mənasız və bəsit olan hissəni yox”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.
E.Əmirovun sözlərinə görə, jurnalistlər digər fikirləri isə öz fikirləri kimi səsləndirirlər: “Təbii ki, bu bütün jurnaliatlərə aid deyil. Yaxşı ki, son dərəcə peşəkar və ədalətli jurnalist dostlarımız da var. Amma təəssüf ki, qeyd etdiyim kimi doğru olmayan hallar daha çoxdur. Buna görə də qeyri-peşəkar jurnalistin hazırladığı sujetə baxanda tamaşaçı da bilmir ki, orda səsləndirilən fikirlər kimə məxsusdur? Digər sinxronda olan dövlət rəsmisinə, sujet müəlifi olan jurnalistə, yoxsa iqtisadçıya?... Yaxşı, tutaq ki, bunu hazırlayacaq qədər peşəkarlıq yoxdur və ya zaman dardır, onda heç olmazsa, 30 saniyəlik sinxronu normal hissədən vermək olmazmı?! Yoxsa ki, elə 30 saniyəlik hissə verilir ki, sujetə baxan tamaşaçı da görür ki, mikrafon qarşısında danışan adam boş-boş 1-2 cümlə dedi, getdi. Jurnalistika belə olmur, dostlar!”
Nadir