“Pensiya təminatı ilə bağlı bizə vətəndaşlardan çoxsaylı şikayətlər daxil olur. İşçi qaydasında bunu həll edirik. İnsaf naminə deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə həm nazir, həm müavinlər səviyyəsində müraciətlərimizə kifayət qədər həssaslıqla yanaşılır. Hətta sosial sistemi idarə edən şəxslər tərəfindən də diqqət göstərilir. Amma qanunvericiliklə bağlı bəzi məsələlər var ki, onları müzakirə etməyə ehtiyac var. Burada müəyyən arqumentlər gətirilməlidir. Nazirin görüşə dəvət olunması təəccüblü bir şey deyil. Konkret sosial sahə ilə bağlı deputatlara daha çox müraciət olunduğuna görə bu görüş keçirilməlidir. Bəlkə nazirin, ya müavinlərin müəyyən məsələlərdə elə əsaslandırmaları olacaq ki, deputatları da inandıracaqlar. Deputatlar da qəbul edəcək ki, həqiqətən də qanunvericilikdə bu addımı atmaq mümkün deyil. Bu, normal müzakirə üçün dəvətdir və yalnız ümumi işin xeyrinə ola bilər”.
Bunu Pravda.az-a deputat Fazil Mustafa Milli Məclisin sonuncu plenar iclasında deputat Vahid Əhmədovun Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi deputatlarla görüşə dəvət etməsinə münasibət bildirərkən deyib.
