“Mədəniyyət Nazirliyinin və ya digər dövlət qurumlarının geyimlərlə bağlı tətbiq etdiyi qadağaların cəmiyyətdə müəyyən gərginlik yaratması gözləniləndir. Cəmiyyət üzvlərinin bununla bağlı ümumi bir dünyagörüşü olmalıdır və onlara qərarın nəyə əsasən qəbul olunduğu əsaslandırılmalıdır. Yoxsa Türkmənistandakı bəzi absurd qərarlar kimi biz də bu şəkildə olan qərarlar böyük təəccüblə qarşılanacaq. Buna görə də qəfildən hansısa nazirlik “Mən belə bir qərara gəldim. Belə bir qərar qəbul etdim” deməkdən əvvəl insanlara başa salmalıdır ki, bu qərar niyə qəbul olunub. Bu səbəbədən də ölkədə bununla bağlı ictimai rəy formalaşdırılmalı və bu istiqamətdə müəyyən işlər aparılmalıdır.”
Bunu Pravda.az-a sosioloq Əhməd Qəşəmoğlu Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə qadınların dikdaban, kip və cins şalvar geyinməmələri, həmçinin şəffaf və parıltılı dodaq boyalarından istifadə etməmələri ilə bağlı qəbul edilən qərara münasibət bildirərkən deyib.
“Belə qərarlar, xüsusilə gənclərdə bunun sanki gerilik əlaməti olması kimi fikirlər yaradır. Digər bir qisim insanlarda isə bu "Mədəniyyət sahəsində çalışanlar geyimində, hərəkətlərində fərqlənməlidirlər" kimi fikirlər də formalaşa bilər. Lakin istənilən halda Mədəniyyət Nazirliyi birbaşa qərar qəbul etdikdə ki, dikdaban geyinmək olmaz, onlar xanımlara bunu izah etməlidir. Hansı səbəbdən, nəyə görə olmaz? Bu ona görədir ki, dikdaban ayaqqabı döşəmənin keyfiyyətinə təsir edəcək, ya bu xanımların fiziki sağlamlığı üçündür, ya da hər hansı milli adət-ənənəyə görədir. Yəni bunu onlara əvvəlcədən izah etmək lazımdır. Nəzər almaq lazımdır ki, indiki insanlar əlli il əvvəlkilərdən fərqlidir. Yəni indi o vaxt olduğu kimi insanlara demək olmaz ki, “Bunu et! Bunu etmə!”. Bu, çox köhnəlmiş bir düşüncədir. Gərək elə edəsən ki, subyektin özü şüurlu şəkildə sən məsləhət bildiyin şəkildə davransın. Bunun üçün də ona başa salmaq lazımdır. Yəni məsələn bir xanıma başa salmaq lazımdır ki, nəyə görə dikdaban geyinmək olmaz. Bunu həm də əsaslandırmaq lazımıdır. Bununla bağlı izah, ictimai rəy olmalı idi. Nazirlik tərəfindən belə qəfil qərarların qəbul edilməsi gülüncdür.”
Leyla