"Təhsil Nazirliyi yanında yaradılan və iki ildən bir formalaşan İctimai Şura bu il əvvəlki illərlə müqayisədə fərqli fəaliyyət göstərməyə başlayıb. Şura üzvləri işləməyə daha meyillidirlər, tədbirlər keçirirlər. Lakin bunların çoxu görüntü xatirinədir. Deputat Etibar Əliyev Şuranın üzvü olmasına baxmayaraq, ciddi məsələlərə toxundu. İctimai Şuradan ona münasibət bildirilməsini istədi. Daxillərində vahidliyi qoruya bilmirlər. Özü bir komanda ola bilməyən qurumdan ciddi nəsə gözləyə bilmərik".
Bu sözləri Pravda.az-a təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, üzvlər arasında ciddi konflikt hiss olunur: "Onlar daha çox nazirliyin SMM xidmətini yerinə yetirməklə məşğuldurlar. Təhsildə baş verən neqativlərə yox, tədbirlərdə əl çalmaq, bəy tərifi demək funksiyasını yerinə yetirməyə meyillidirlər. Kimsə hər hansı məsələni tənqid edəndə ona qarşı kütləvi hücuma keçirlər. İctimai Şura əslində həmin quruma nəzarət edən təşkilatdır. Ölkə Prezidentinin dəfələrlə vurğuladığı ictimai iştirakçılar burada əsas faktordur. Amma biz bunu görə bilmirik”.
K.Əsədov deyib ki, müəllimlərin işə qəbulunda, yerdəyişməsində də müəyyən problemlər olur: “İnsanlar öz problemlərini aidiyyəti qurumlara çatdırmaqla bağlı kömək istəyirlər. Amma biz bu məsələdə Şuranın fəaliyyətini görə bilmirik. Etibar Əliyev konkret bu məsələdə haqlı idi. Çünki Təhsil Nazirliyi ikinci dəfə açıqlamasını İctimai Şura vasitəsilə yaydı. Əslində bu, Şuranın açıqlaması deyildi. Onlar bu məsələdə də yenidən SMM xidmətlərini işə saldılar. İnsanlar xüsusən son bir ildə təhsildə çoxalan neqativlərdən narahatdırlar. Artıq məktəblərdə vəziyyət o həddə çatıb ki, qız uşaqları bir-birini bıçaqlayır. Bunlar ciddi məsələlərdir”.
Ekspert bildirib ki, Etibar Əliyevin sosial şəbəkədə yazdığı ittiham deyil, konkret faktlar idi: “Onlar isə direktor təyinatının kifayət qədər uğurlu olduğunu açıqlayırlar. Əslində belə deyil. Guya 165 nömrəli məktəbə təyin olunan direktor uğurlu seçim olub. Hansı uğurlu seçim? O məktəbin göstəricilərinə baxanda seçimin uğurlu olduğunu görə bilmirik. İllər ərzində məktəbin nəticələrində ciddi irəliləyiş olmayıb. Kifayət qədər tanınmış, nüfuzlu deputat, Şuranın üzvü, Etibar Əliyev bu neqativləri deyirsə, bu, onu göstərir ki, onlar daxillərində məsələləri müzakirə etməyiblər. Müzakirə olunsa belə, sağlam nəticə olmayıb. Artıq bu, onu göstərir ki, Şuranın daxilində sağlam mühit yoxdur. Bu qurum, sadəcə, Təhsil Nazirliyinin bəy tərifini deməklə məşğuldur”.
Aytəkin Qardaşova