“Məktəblərdə şagirdlə şagird, eləcə də müəllimlə şagirdlər arasında zorakı hadisələr əvvəllər də mövcud idi. Sadəcə olaraq, əvvəlki dövrlə indiki dövr arasında fərq ondan ibarətdir ki, hazırda informasiya texnologiyaları inkişaf edib. Şagirdlərin hər biri telefonlara sahibdir və bu da məktəblərdə baş verən hər hansı neqativ halın daha çox ictimailəşməsinə səbəb olur. Yəni bizim əvvəllər baş verən bu kimi hadisələrin çoxundan bəlkə də heç xəbərimiz yoxdur”.
Bunu Pravda.az-a təhsil eksperti Elçin Əfəndi məktəblərdə baş verən zorakı hadisələrin artmasından danışarkən qeyd edib.
E.Əfəndi bildirib ki, ümumiyyətlə, məktəblərdə qeydə alınan bu kimi neqativ hadisələr cari ilin başlanğıcından yüksələn xətt gedir: “Biz bu kimi hadisələrin nəyə görə, hansı səbəbdən baş verdiyinə nəzər yetirsək ki, qeyd etməliyik ki, bunun müxtəlif səbəbləri var. Birincisi, pandemiya dönəmində bildirirdik ki, şagirdlərin post-pandemiya dövründən dərslərə adaptasiya olması ilə bağlı problemlər yaranacaq. Şagirdlər arasında münasibətlərin qurulması, ünsiyyətin yaranması, eyni zamanda müəllimlərlə şagirdlər arasında, məktəblə valideyn arasında əlaqələrin formalaşdırılması, ümumi olaraq bu kimi məsələlər bir qədər vaxt alacaq. Əlbəttə ki, bu əsas səbəb deyil, sadəcə onlardan biridir. Digər məqamı yenidən müasir texnologiyalarının inkişafına və şagirdlərin sosial şəbəkələrdən istifadə etmələrinə bağlayıram. Bəzən olur ki, şagirdlər sosial şəbəkələrdə və müvafiq platformalarda hər hasnı bir videonu çəkib yaymaqda maraqlı olurlar. Xüsusilə yeniyetməlik dövrünü keçirən, IX, X, XI sinif şagirdləri sinif yoldaşları yaxud da başqa kimsə tərəfindən deyilmiş müəyyən sözləri psixoloji olaraq həzm edə bilmirlər. Nəticə etibarilə də onlar arasında baş verən münaqişələrin sonu dava, hətta bıçaqlanma ilə də nəticələnə bilir. Belə məsələlərdə vacib məqamlardan biri də təbii ki, valideyn məsuliyyətidir. Valideyn övladını təhsil müəssisəsinə göndərdiyi zaman ona mümkün tapşırıqları verməli, övladını məktəbə yola salarkən üzərində hər hansı bir soyuq silahın daşınmamasına diqqət yetirməlidir. Təhsil müəsissəsinin rəhbərliyi, yəni direktor, direktor müavinləri də siniflərdə şagirdlər arasında iğtişaşların baş verməməsi üçün məsuliyyətli olmalıdırlar. Ancaq mövcud vəziyyət onu göstərir ki, həm valideynlər, həm də təhsil müəssissələrinin rəhbərlikləri belə məsələlərə qeyri-ciddi yanaşır və məsuliyyət nümayiş etdirmirlər. Şagirdlər də öz növbəsində bundan istifadə edirlər və beləliklə də məktəblərdə gördüyümüz neqativ hallar çoxalır. Azərbaycanda dövlət və özəl ümumtəhsil müəssisələrinin sayı 4447-dir və 1 milyon 900 min nəfərə yaxın şagird təhsil alır. Biz bunu nəzərə almalıyıq ki, bu uşaqların hər birinin fərqli temperamenti, fərqli psixologiyası var. Onu da qeyd etmək lazımdır ki, məktəblərdə yaşanan neqativ hallar ən çox oxumayan şagirdlər arasında baş verir. Yəni ali məktəbə hazırlaşan şagirdlər arasında biz belə halları istisna olaraq görə bilərik. Belə məsələlərin tənzimlənməsində yalnız təhsil nazirliyini günahlandıra bilmərik, burada vətəndaş cəmiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə də müəyyən məsuliyyət düşür. Qeyri-hökumət təşkilatları dövlətdən qrant adı ilə ayrılan vəsaiti yeyirlər, amma bunun əvəzində heç bir iş görmürlər. Bu QHT-lər bildirirlər ki, gedib filan rayonda ailələrlə söhbət aparmışıq, şagirdlərə təlim keçmişik, əslində isə heç bir təlim olmur. Bu kimi təşkilatlar məktəblərdə yaranmış problemlərin həlli üçün çalışmalıdırlar, amma təəssüf ki, bunu müşahidə edə bilmirik. Əvəzində isə məktəblərdə daha da artan temp üzrə neqativ hadisələrin şahidi oluruq”.
Leyla Yusubova