Ər-arvad ictimai yerdə əl-ələ tutsa, bu, türkmən xalqının “mənəvi təməllərini sarsıtmaq” hesab olunur
Bu yaxınlarda Türkmənistanda hakimiyyət prezident Qurbanqulu Berdiməhəmmədovdan yeganə oğlu Serdar Berdiməhəmmədova keçdikdən sonra ölkə vətəndaşları ən müxtəlif və son dərəcə gülünc qadağaların həyatlarından çıxacağına ümid edirdilər. Çünki Sərdar atasından fərqli olaraq, müasir dünyagörüşünə malik gənc, Avropa təhsilli və mütərəqqi düşüncəli hesab olunurdu. Amma tezliklə onun da atası kimi köhnə zehniyyətli, xüsusilə yaşından asılı olmayaraq, ölkədəki qadınların həyat tərzinə “xüsusi diqqət” yetirdiyi ortaya çıxıb.
Beləliklə, Sərdar Berdiməhəmmədov atasının dövründə qadınların xarici görünüşünə və “davranışına” qoyulan tələbləri daha da sərtləşdirib. Məktəbli qızlar yeni tədris ilindən “tərbiyə” məqsədi ilə təkcə üst geyim tərzini deyil, həm də rəngləri seçməkdə sərbəst deyillər.
Ümumiyyətlə, istər avtomobil, istər dırnaq, istər saç, bina və s. rəngi olsun, nədənsə, Türkmənistanda indi az qala “milli təhlükəsizlik məsələsi” səviyyəsinə qaldırılıb.
Qışda qız şagirdlər yalnız qara və ya tünd mavi palto geymək əmri verilib, ayaqqabıları da qara rəngdə olmalıdır. Saçlar iki hörgüdə hörülməli, qulaqlarını örtməlidir.
Əgər atasının prezidentliyi dövründə gözəllik salonlarında qadınlara saçlarını açıq rənglərə boyamaq, dırnaq boyası və cəlbedici makiyajdan istifadə etmək qadağan edilmişdisə, indi Sərdarın dövründə kirpikləri uzatmaq, dodaqları böyütmək, qoyma dırnaqlar qadağan olunur.
Pedikür də qadağalar sırasındadır. Döş implantları(silkon) da birmənalı qadağan edilib.
Ölkə hüdudlarından kənarda olan Türkmən KİV-lərinin məlumatına görə, yeni hakimiyyət dövründə onlarla stüardessa və dəmir yolu şirkətinin qadın əməkdaşları döş implantasiyasına və dodaqlarını şişdirməy görə işdən qovulub. Qadınlar dar paltar geyindiklərinə görə də işlərini itirirlər.
Bundan əlavə, qadınlara avtomobildə qabaq sərnişin oturacağında oturmaq qadağan edilib, şəxsi nəqliyyat vasitələrinin sahibləri isə onlarla qohum olmayan xanımları avtomobilə mindirə bilməzlər. Maraqlıdır ki, sadalanan qadağalar rəsmiləşməyib, lakin polis onların icrasını diqqətlə izləyir. "Əxlaqı pozanları” (burada artıq kişilər də var) pul cəzası ilə hədələyirlər. Məsələn, ər-arvad ictimai yerdə əl-ələ tutsa, bu, türkmən xalqının “mənəvi təməllərini sarsıtmaq” hesab olunur.
Sərdar Berdiməhəmmədovun prezidentliyi dövründə skamyada oturan gənc cütlüklər polis tərəfindən sənədlərin yoxlanılmasına məruz qalır, hətta ən yaxın daxili işlər idarəsinə aparılırlar. Müxalif KİV-lərin məlumatına görə, hakimiyyət türkmən qadınlarına ölkədən çıxmaqla bağlı qadağa qoymağı da planlaşdırır. Xüsusi icazə olmadan ölkəni tərk etmək qadağan edilə bilər. Yeganə istisna xaricdə müalicə ola bilər, lakin bunun üçün razılığın alınmasının çətin olacağı gözlənilir.
Bu arada “Sərhədsiz Reportyorlar” təşkilatının dərc etdiyi mətbuat azadlığı reytinqində bu il Berdiməhəmmədovlar ailəsi 177-ci yerdə qərarlaşıb. Qeyd edək ki, ümumilikdə 180 yer var. Sonuncu yeri Şimali Koreya, 179-cu yeri Eritreya, 178-ci yeri İran tutur. Amma Türkmənistanda "jurnalistlərin təhlükəsizliyi" ilə bağlı vəziyyət yaxşıdır- 142-ci yer. Yəni il ərzində ölkədə media nümayəndəsi qətlə yetirilməyib, jurnalist kimi yalnız bir nəfər həbsdədir. Bununla belə, qeyd olunur ki, respublikada hər hansı etibarlı məlumat əldə etmək son dərəcə çətindir.
Musavat.com